HACCP sisteminin tətbiqi daxili və xarici bazarlarda rəqabət üstünlüyü yaradır
3 Dekabr 2024 14:39
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə qida təhlükəsizliyinin inkişafı və beynəlxalq standartların geniş tətbiqi üçün tədbirləri davam etdirir. Bu istiqamətdə AQTİ qida istehsalı və emalı sektorunda fəaliyyət göstərən müəssisələr üçün beynəlxalq səviyyədə tanınmış Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) prinsiplərinə əsaslanan qiymətləndirmə xidmətini təklif edir.
HACCP sistemləri müəssisələrin istehsal prosesində potensial təhlükələri müəyyən etməsinə, kritik nöqtələri nəzarət altında saxlamasına və riskləri minimuma endirməsinə imkan yaradır. AQTİ-nin təklif etdiyi HACCP sistemi üzrə qiymətləndirmə xidməti bir neçə mərhələni əhatə edir:
- HACCP prinsiplərinin mövcud vəziyyətə uyğunluğunu müəyyən etmək üçün ilkin qiymətləndirmə aparılır;
- Qida məhsullarının emalındakı risklər təhlil edilirək qiymətləndirilir və risklərin idarə olunması üçün təkliflər verilir;
- HACCP sisteminin beynəlxalq və ya milli standartlara uyğunluğu ilə bağlı sənədlər və prosedurlar yoxlanılır;
- HACCP sisteminin davamlılığını təmin etmək üçün müəssisəyə dəstək göstərilir;
- Müəssisə əməkdaşları arasında yeni texnologiyalar, qaydalar və standartlarla bağlı məlumatlandırma aparılır.
Bu mərhələlər, HACCP sisteminin effektiv şəkildə qurulması və müəssisənin qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsini təmin edir. İnstitut, HACCP sistemlərinin tətbiqi zamanı müəssisələrə tələb olunan sənədlərin hazırlanmasında, personalın təlimatlandırılmasında və proseslərin optimallaşdırılmasında dəstək göstərir.
AQTİ mütəxəssisləri bu proseslərin hər birində müəssisələrə dəstək göstərərək onların istehlakçılara keyfiyyətli və təhlükəsiz qida məhsulları təqdim etməsinə şərait yaradır. Qiymətləndirmə xidməti vasitəsilə müəssisələr istehsal prosesində qida təhlükəsizliyini təmin etməklə yanaşı, ixrac potensiallarını artırmaq üçün yeni imkanlar əldə edir, həm daxili, həm də xarici bazarlarda rəqabət üstünlüyü qazanırlar.
Qanunvericiliyə əsasən, sahibkarlıq subyektləri HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan planlı yoxlamalar zamanı müəssisədə HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir.
Sahibkarlar AQTİ-nin təklif etdiyi HACCP mövzusunda qiymətləndirmə, təlim və məsləhət xidmətlərindən istifadə etmək üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş