HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
23 Noyabr 2024 11:44
“Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər.
HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. Məhsulların ixracını, həmçinin satış imkanlarını asanlaşdırır. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyən və təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün HACCP mövzusunda təlim və məsləhət xidmətlərini təklif edir. “Qida Təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq təşkil edilən təlimlər zamanı müəssisələrin saxlama anbarlarının, qida blokunun, mal qəbulu, mətbəx və emal sahələrinin HACCP prinsiplərinə uyğunluğu qiymətləndirilir, bu sistemin tətbiqinə kömək göstərilir, müvafiq məsləhətlər verilir. Həmçinin əməkdaşlara HACCP-nin ictimai iaşə müəssisələrində düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair təlimlər keçirilir. Xidmətlər zamanı mövzu ətrafında müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır. Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunur. Təlimlərdə əldə olunan biliklər qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verir.
Sahibkarlar HACCP mövzusunda təlim və məsləhət xidmətlərindən istifadə etmək üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Oxşar xəbərlər
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş