HACCP təlimlərinin iştirakçıları müasir yanaşmaları tətbiq etmə imkanları qazanacaq
26 Noyabr 2024 16:00
HACCP – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri prinsipləri qida məhsullarının istehsalında risk əsaslı yanaşmanı ehtiva edir. Bu yanaşmaya əsasən müəssisə təhlükə növlərinə uyğun risk qiymətləndirməsi və nəzarət tədbirlərini özündə əks etdirir.
HACCP, qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyənləşdirir. Gigiyena şərtləri dedikdə şəxsi gigiyena, avadanlıq gigiyenası, xammal gigiyenası, ətraf mühitin gigiyenası və s. nəzərdə tutulur. Proses çərçivəsində istehlakçının sağlamlığına təhlükə yarada biləcək səbəblər müəyyən olunur. Sistem istehsal və xidmət mərhələlərində riskləri aradan qaldırır və etibarlılıq yaradır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sahibkarlıq subyektləri üçün HACCP sisteminin müəssisələrdə tətbiqi ilə bağlı qiymətləndirmə, məsləhət və təlim xidmətləri təklif edir. Cari dövr ərzində qanunun icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən HACCP mövzusunda keçirilən təlimlərdə 549 nəfər iştirak edib.
Sahibkarlar AQTİ-nin təklif etdiyi xidmətlərdən yararlanmaq üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.
Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən sahibkarlıq subyektləri mərhələli şəkildə HACCP sistemini tətbiq etməlidir. Bu müddət iri sahibkarlıq subyektləri üçün 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikro sahibkarlıq subyektləri üçün isə 6 ildir. Qeyd edək ki, Qanun 30 iyun 2022-ci il tarixdə dərc olunub.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş