“HALAL” sertifikatlaşdırma prosesi davam edir
24 Fevral 2025 11:47
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) “HALAL” sertifikatlaşma prosesini davam etdirir.
“HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının islam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Eyni zamanda istehsalçı müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır.
İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim edilməsi prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə doldurularaq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. “HALAL” sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanlarla quşların kəsimini, balıq məhsullarının emalını, süd və süd məhsullarını, eyni zamanda emal olunmuş ət məhsullarını əhatə edir.
Qeyd edək ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartı əsasında həyata keçirilib. AQTİ-də “HALAL” sertifikatlaşma prosesi ilə bağlı Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr fəaliyyət göstərir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş