Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib
Xaçmazda “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib

Xaçmazda dövlət qurumlarının iştirakı ilə “Qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə” mövzusunda regional müşavirə keçirilib.  Müşavirədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xaçmaz, Quba və Qusar rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, son dövrlərdə qəhvəyi mərmər bağacığı ölkəmizin ixrac potensialında mühüm yer tutan meyvəçilik, xüsusilə fındıqçılıq sektoru üçün birbaşa və ciddi təhdid formalaşdırır. Zərərvericinin artıq Şəki-Zaqatala iqtisadi rayonu ilə yanaşı, Quba-Xaçmaz bölgəsinin meyvə bağlarında da müşahidə olunduğunu qeyd edən nazir xüsusilə Xaçmaz, Quba və Qusar rayonlarında qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının artdığını vurğulayıb. Bağacığa qarşı mübarizə tədbirlərinin effektivliyini qorumaq üçün bioloji mübarizə imkanlarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə planlı dərmanlanması, məlumatlandırma tədbirlərinin genişləndirilməsi və könüllü dəstələrin prosesə cəlb edilməsinin vacibliyi qeyd olunub. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.  Müşavirədə 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Özbəkistan rəsmisi: Azərbaycanın qida təhlükəsizliyi modeli bizim üçün ən məqbul variantdır - VİDEO
Özbəkistan rəsmisi: Azərbaycanın qida təhlükəsizliyi modeli bizim üçün ən məqbul variantdır - VİDEO

Özbəkistanda qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sisteminin formalaşdırılması məqsədilə bir sıra ölkələrin təcrübəsi öyrənilib. Bu çərçivədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) modeli, eləcə də Niderland və Azərbaycanın təcrübəsi araşdırılıb. Azərbaycanın vahid qida təhlükəsizliyi modeli Özbəkistan üçün ən məqbul variant hesab olunub. Bu barədə Özbəkistanın Karantin və Bitki Mühafizəsi Agentliyinin rəsmisi Dildora Zufarova bildirib. Onun sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi üzrə vahid tənzimləmə sistemi fəaliyyət göstərir və bu sahədə qabaqcıl təcrübə mövcuddur. Bütün laboratoriyalar vahid orqanda birləşdirilib, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi üzrə vahid məlumat bazası yaradılıb.  “Azərbaycanda qida təhlükəsizliyi sahəsində vahid orqan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi istiqamətlərini özündə birləşdirir. Bizdə isə bu səlahiyyətlər müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilir. Nəticədə biznes subyektləri qeydiyyat və icazələrin alınması zamanı çətinliklərlə üzləşir, bəzi hallarda proseslər təkrarlanır. Azərbaycanda nəzarətin üç əsas istiqamətdə həyata keçirilməsi qida biznesi və ixrac imkanları baxımından da əlverişli şərait yaradır”, – deyə, Özbəkistan rəsmisi bildirib. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Səfər Azərbaycanın qida təhlükəsizliyi modelinin Özbəkistanda tətbiqi məqsədi daşıyır. Daha ətraflı: https://www.youtube.com/watch?v=PnmlxeqyK7I

Özbəkistanda səfərdə olan AQTA nümayəndə heyəti fitosanitar laboratoriya ilə tanış olub
Özbəkistanda səfərdə olan AQTA nümayəndə heyəti fitosanitar laboratoriya ilə tanış olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir.  Səfərin növbəti günündə nümayəndə heyəti Özbəkistanın Fitosanitar laboratoriyasına baş çəkib. Nümayəndə heyəti laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası, mövcud infrastruktur imkanları, kadr potensialı və tətbiq olunan nəzarət mexanizmləri ilə tanış olub. Eyni zamanda nümunəgötürmə prosesi, laborator müayinələr, fitosanitar risklərin qiymətləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti, həmçinin itlərin iştirakı ilə həyata keçirilən fitosanitar yoxlamaların təşkili, istifadə olunan nəqliyyat vasitələri və beynəlxalq ticarət əməliyyatlarına nəzarət məqsədilə yaradılmış struktur bölmələrin fəaliyyəti ilə tanış olub. Daha sonra Asiya İnkişaf Bankının ekspertləri ilə onlayn formatda görüş keçirilib. Görüş zamanı Özbəkistan tərəfinin hazırladığı sənəd nəzərdən keçirilib, qida təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb, həmçinin Özbəkistanda yaradılması planlaşdırılan qurumla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.

“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: “AQTİ ilə tərəfdaşlıq bizim üçün əhəmiyyətlidir”
“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov: “AQTİ ilə tərəfdaşlıq bizim üçün  əhəmiyyətlidir”

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki,  qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi Agentliyin əsas prioritet istiqamətlərdən biridir.  AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalarda “Qarabağ” futbol klubunun üzvləri də fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər. Qurban Qurbanov isə vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri də xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır. Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq AQTİ-nin mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir. Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub, qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Qarabağ” futbol klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb. Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan müayinə və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib