2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minəcək “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” ilə bağlı sahibkarların maarifləndirilməsi məqsədilə onlayn formatda görüş təşkil olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələbləri görüş iştirakçılarının diqqətinə çatdırılıb. Xüsusilə kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə, sözügedən məhsulların istehsalına dair xüsusi tələblər izah edilib. Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır. Sahibkarların nəzərinə çatdırılıb ki, sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək. Görüş zamanı sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün AQTA-nın aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.
Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında məhsulların istehsal mərhələsindən son istehlakadək hərəkətinin izlənilməsi mühüm rol oynayır. Bildiririk ki, məhsulların mənşəyinin və hərəkət zəncirinin qeydə alınmaması, qida mənşəli risklərin vaxtında aşkarlanmasına, habelə istehlakçıların qida və yem məhsulu ilə bağlı dolğun və dəqiq məlumatlar əldə etməsinə maneə yaradır. Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya özlərinin təchiz etdiyi digər subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdırlar. Belə ki, qida subyektləri fəaliyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası”na uyğun təşkil etməlidirlər. Qeyd edək ki, sahibkarlar bu sahədə çalışan əməkdaşların maarifləndirilməsini və izlənilə bilmə sistemlərinin qurulmasını müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri həyata keçirə və ya bu məqsədlə ixtisaslaşmış müəssisələrə müraciət edə bilərlər.
Heyvan və heyvan mənşəli məhsulların (o cümlədən ət, süd və digərləri, habelə emal yolu ilə onlardan alınan məhsullar) dövriyyəsi ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli, sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda görüş keçirilib. Görüşdə məhsulların dövriyyəsi zamanı tələb olunan sənədlər, xüsusilə də heyvan mənşəli məhsulların daşınması zamanı mümkün risklərin qarşısının alınması məqsədilə məhsullara verilən baytarlıq sənədlərinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir. Baytarlıq arayışı və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında tərtib edilir. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə sözügedən sənədləri əldə edə bilər. Sahibkarlara bildirilib ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar bu məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar. Onlayn görüş zamanı sahibkarların müraciətləri dinlənilib, səsləndirilən təkliflərlə bağlı müvafiq dəstəyin göstərilməsi üçün Agentliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.
Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 2025-ci il 20 may tarixli 56 nömrəli Qərarı ilə “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilib. Bu Qaydalar insan həyat və sağlamlığını, eləcə də istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyənləşdirir. Eyni zamanda ölkədə istehsal və emal edilən, habelə Nazirlər Kabinetinin 2023-cü il 4 aprel tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilən material və məmulatları əhatə edir. Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır. Bundan əlavə, Qaydalarda müxtəlif növ, o cümlədən kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə dair xüsusi tələblər əksini tapıb, sözügedən məhsulların istehsalı ilə bağlı bəzi məhdudiyyətlər müəyyyən edilib. Qida məhsullarının qablaşdırılmasında istifadə olunan material və məmulatların istehsalı zamanı sözügedən Qaydaların tələblərinə əməl olunması bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub. Nəzərinizə çatdırırıq ki, Qaydalar 2025-ci ilin 20 avqust tarixindən qüvvəyə minir. Qaydalarla aşağıdakı link vasitəsi ilə yaxından tanış ola bilərsiniz: https://e-qanun.az/framework/59853
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində — ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində istifadə, utilizasiya və məhv edilmə proseslərində — gigiyenik normalara ciddi şəkildə riayət olunmalıdır. Qida obyektlərinə dair ümumi gigiyena tələbləri qida məhsullarının təhlükəsiz şəkildə istehsalı, emal və dövriyyəsi üçün zəruri sanitar-gigiyenik şəraitin yaradılması və bu şəraitin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Qida obyektlərində gigiyena tələbləri çərçivəsində istifadə olunan avadanlıqlara, qida məhsullarının təhlükəsiz istifadəsinə, onların qablaşdırılması və etiketlənməsinə, daşınması və saxlanmasına, işçi heyət və şəxsi gigiyena qaydalarına, eləcə də qida tullantılarının idarə olunmasına dair əsas prinsiplər və tələblər öz əksini tapıb. Bu tələblər çərçivəsində təmizləmə və dezinfeksiya tədbirləri xüsusi əhəmiyyət daşıyır. Qida obyektlərində bütün sahələr, o cümlədən təmizləyici avadanlıqlar gigiyenik normalara uyğun şəkildə təmizlənməli, təmizləmə və dezinfeksiya proqramları hazırlanmalı, onların effektivliyi daimi nəzarətdə saxlanmalı və sənədləşdirilməlidir. Belə ki: Təmizlənəcək və ya dezinfeksiya ediləcək sahələr, avadanlıqlar və qab-qacaq dəqiq şəkildə müəyyənləşdirilməli; Hər bir təmizlik tapşırığına cavabdeh şəxslər təyin edilməli; Təmizləmə və dezinfeksiya üsulları, həmçinin onların tətbiq tezliyi müəyyən edilməli; Yerinə yetirilən tədbirlərin effektivliyinə nəzarət mexanizmləri mövcud olmalıdır. Agentlik bir daha xatırladır ki, sahibkarlıq subyektləri tərəfindən bu tələblərə əməl edilməsi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçıların sağlamlığının qorunması baxımından olduqca önəmlidir. Bu tələblərin yerinə yetirilməməsi qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət yaradır.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Vüsal Cəlil oğluna məxsus “Səma” kafedə plandankənar yoxlama həyata keçirib. Yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, çalışan işçilərin gigiyena qaydalarına əməl etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Heyvan mənşəli məhsulların (o cümlədən ət, süd və digərləri, habelə emal yolu ilə onlardan alınan məhsullar) dövriyyəsinə nəzarət “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunları və digər hüquqi normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il 209 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, istehsal və emal müəssisələrində istehsal edilən məhsulun hər bir partiyasına ( bir sutka və ya istehsal növbəsi ərzində istehsal edilmiş məhsula) onun baytarlıq normalarına cavab verməsini təsdiq edən və məhsulun sahibinə həmin məhsulun satışına icazə verən ekspertiza aktı tərtib edilir. Ekspertiza aktı dövri hesabat sənədi kimi müəssisədə saxlanılır. Ekspertiza aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Heyvanların və heyvan mənşəli məhsulların ölkə daxilində daşınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Qaydalara görə, yükün daşındığı hər bir nəqliyyat vasitəsinə şəhər (rayon) ərazisində daşınma üçün baytarlıq arayışı, ölkə ərazisində (bir şəhərdən və ya rayondan digərinə) daşınma üçün isə baytarlıq şəhadətnaməsi verilir. Baytarlıq arayışının verilməsi üçün hər hansı ödəniş tələb olunmur. Baytarlıq şəhadətnaməsinin verilməsinə görə isə “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Baytarlıq arayışında və şəhadətnaməsində göstərilən məlumatlar ekspertiza aktında qeyd edilmiş məlumatlara uyğun olmalı, daşınan məhsulun miqdarı baytarlıq sənədləri və ekspertiza aktında göstərilmiş miqdardan artıq olmamalıdır. Baytarlıq sənədində göstərilən istehsal tarixi ilə daşınan məhsulun istehsal tarixi uyğun olmalıdır. İstifadə müddəti bitmiş və ya geriyə qaytarılan məhsullar yeni məhsullarla eyni nəqliyyat vasitələrində daşınmamalıdır. Baytarlıq arayışı və şəhadətnaməsi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə onlayn rejimdə, sahibkarın müraciəti əsasında tərtib edilir. Sahibkar öz şəxsi kabinetindən müraciət etməklə sözügedən sənədləri əldə edə bilər. Bildiririk ki, heyvan mənşəli məhsulların istehsalı, emalı və satışı ilə məşğul olan sahibkarlar bu məhsulların daşınması zamanı temperatur və qablaşdırma tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.
Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və bu reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə – onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı bu məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başa düşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır. Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu halda aşağıdakı allergenlər etiketdə mütləq göstərilməlidir: Qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri); Xərçəngkimilər; Mollyusklar; Yumurta; Balıq; Yer fındığı; Soya; Süd və süd məhsulları (laktoza daxil olmaqla); Qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya); Kərəviz; Xardal; Küncüt; Kükürd dioksid və sulfitlər; Acıpaxla. Həmçinin bu maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniya Respublikasının Cənub-Şərqi Statistik regionunda, Xorvatiya Respublikasının Splitsko-Dalmatinska kantonunda blutanq xəstəliyi, Bolqarıstan Respublikasının Yambol vilayətində Nyukasl xəstəliyi, İspaniya Krallığının Kastiliya–La Mança muxtar icmasında, Botsvana Respublikasının Çobe dairəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Argentina Respublikası, Avstriya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Çex Respublikası, Estoniya Respublikası, İspaniya Krallığı, İsveç Krallığı, İsveçrə Konfederasiyası, İtaliya Respublikası, Norveç Krallığı, Özbəkistan Respublikası, Polşa Respublikası, Səudiyyə Ərəbistanı Krallığı, Yaponiya və Yeni Zelandiyanın qida təhlükəsizliyinə nəzarət sistemlərinin ekvivalentliyi tanınıb. Bu barədə Agentlik tərəfindən müvafiq qərar qəbul edilib Yüksək riskli qida məhsulları istehsal edən həmin ölkələrin müəssisələri bundan sonra əlavə qiymətləndirmə aparılmadan Azərbaycan Respublikasına məhsul ixrac edə biləcəklər. Belə ki, ekvivalentliyi tanınmış ölkələrin səlahiyyətli qurumları tərəfindən müəssisələrin təsdiqinə dair təqdim edilən rəsmi məlumatlar və ya müvafiq sənədlər Agentliyə təqdim olunduğu halda, bu müəssisələrin yenidən təsdiqinə ehtiyac qalmır. Qərarın qəbulundan əvvəl Agentlik tərəfindən həmin ölkələrin qida təhlükəsizliyi sistemləri qiymətləndirilib, ticarət dövriyyəsi zamanı müşahidə olunan qida təhlükəsizliyi sahəsində uyğunsuzluqların statistikası nəzərə alınıb. Qərara əsasən, tanınma üçün əsas götürülən meyarlara uyğunsuzluq halları aşkarlandıqda və ya həmin ölkələrdən Azərbaycana insan və heyvan sağlamlığı üçün təhlükəli olan qida və yem məhsullarının ixracı halları təkrarlandığı təqdirdə, müvafiq ölkənin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin ləğv olunması məsələsi Agentliyin Kollegiyasında müzakirəyə çıxarılacaq. Ümumilikdə bu qərar Azərbaycan ilə adıçəkilən ölkələr arasında qida məhsullarının ticarət dövriyyəsinin genişlənməsinə töhfə verəcək.
Yay aylarında əhali tərəfindən geniş şəkildə istehlak olunan qarpız və yemiş məhsulları üzrə cari mövsümdə də Azərbaycan Qida Təhlükəsizliyi Agentıiyi tərəfindən monitorinqlər həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən satış nöqtələrindən qarpız və yemiş məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aparılan laborator müayinələr zamanı məhsullarda nitrat və pestisid qalığı səviyyələri yoxlanılıb. Sınaq nəticələrinə əsasən, nümunələrdə uyğunsuzluq aşkar edilməyib.
Qida məhsullarının idxalı ilə məşğul olan sahibkarların suallarının cavablandırılması, qarşıya çıxan məsələlərin həlli və sahibkarların bu sahədə səmərəli fəaliyyətinin təşkili ilə bağlı onlayn formatda bu gün görüş keçirilib. Görüş zamanı yüksək risk qrupuna aid məhsulların idxalı qaydaları, qeydiyyat tələb olunan məhsullar, idxal zamanı tələb olunan sənədlər, idxal olunan məhsulların gömrük sərhəddindən keçidinin səmərəli təşkili mövzuları ilə bağlı müzakirələr aparılıb. Müzakirə zamanı təkrarlanan sənədlərə dair səsləndirilən saullarla bağlı qida və yem məhsulunun növündən asılı olaraq tələb olunan sənədlər barədə məlumat bir daha sahibkarların diqqətinə çatdırılıb. Həmçinin sahibkarların yüklərin gömrük sərhəddindən səmərəli keçidinin təşkili ilə bağlı müraciətləri dinlənilib və səsləndirilən təkliflərlə bağlı sahibkarlara dəstəyin göstərilməsi üçün Agentliyin aidiyyati struktur bölmələrinə tapşırıq verilib. Konstruktiv formatda keçən görüş zamanı sahibkarları maraqlandıran digər suallar cavablandırılıb və onların qaldırdığı məsələlərin həlli istiqamətində təkliflər verilib.
Giriş