Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə bitki və heyvan sağlamlığı sahəsində mövcud vəziyyət müzakirə edilib, qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bitkiçilik və heyvandarlıq məhsullarının ixrac potensialının artırılması, eləcə də taxta qablaşdırma materiallarının fumiqasiyası və markalanması sahəsində mövcud problemlərin həlli, qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirlərinin koordinasiyası, bitki sağlamlığı sahəsində böhran vəziyyətlərinin idarə olunması, Milli Monitorinq Planında iştirakın gücləndirilməsi və digər məsələlər haqqında danışılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Namibiya Respublikasının Omaheke, Otyozondupa, Tomas, Hardap, Eronqo regionlarında Atların Afrika, Bolqarıstan Respublikasının Plovdiv vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda, İtaliya Respublikasının Lombardiya regionunda nodulyar dermatit, Şimali Makedoniya Respublikasının Cənub-Şərqi Statistik regionunda Nyukasl, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Uelsin Rexham bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün Namibiyadan və zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan digər inzibati ərazi vahidlərindən diri atların və onlara aid genetik materialların, diri xırdabuynuzlu və iribuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Yay mövsümündə havaların isti keçməsi bakteriyaların daha sürətli çoxalmasına şərait yaradır. Nəticədə qidalar tez xarab ola və zəhərlənmə riski yarana bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalini diqqətli olmağa və qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır. Qeyd edək ki, qida zəhərlənmələri zamanı göstərilən tibbi xidmətlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir.
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.6-cı maddəsində nəzərdə tutulmuş təbii mineral suların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Təbii mineral su – mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii sudur. Qanunvericiliyə əsasən, qeydiyyata alınmamış təbii mineral suların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Təbii mineral suların qeydiyyata alınması üçün təqdim edilən sənədlərin mövcudluğu və düzgünlüyü araşdırıldıqdan, məhsul nümunələrinin laborator tədqiqi aparıldıqdan sonra həmin məhsullar qeydiyyata alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilir. Təbii mineral suların istehsalı, emalı və dövriyyəsi ilə məşğul olan sahibkarların diqqətinə çatdırırıq ki, qısa zaman ərzində məhsulların qeydiyyatı ilə bağlı qanunvericiliyə uyğun şəkildə Agentliyə müraciət edilməlidir. Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 278, 478) nömrəli telefona zəng edə və ya info@afsa.gov.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.
Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Həsənəliyev Seyfulla Rəvxan oğluna məxsus su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, müəssisədə emal prosesində istifadə olunan filtrlər dəyişdirilmir və ya təmizlənmir, ehtiyat su çəni təmizlənmir. Laborator müayinələrin aparılması məqsədilə götürülmüş su nümunələrində koliform bakteriyaları, ümumi mikroorqanizmlərin sayının normadan çox olduğu aşkarlanıb, həmçinin kalsium, maqnezium, sulfat ionlarının miqdarının, ümumi codluğun, pH göstəricisinin etiket məlumatlarında qeyd olunan miqdarla uyğunluq təşkil etmədiyi müəyyən olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida və yem məhsullarının izlənilməsi” mövzusunda növbəti praktiki təlim təşkil edilib. 2 gün davam təlimin məqsədi qida zəncirində iştirak edən qida subyektlərinin və onların obyektlərində emal olunan qida məhsullarının mənşəyinin, dövriyyə mərhələlərinin və son istifadəyədək hərəkət trayektoriyasının şəffaf şəkildə izlənilməsini təmin etməkdir. Təlim zamanı “Qida təhlükəsizliyi haqqında” qanunun tələbləri izah olunub, qida və yem məhsullarında izlənilmənin hüquqi və normativ əsasları iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin izlənilmənin HACCP prinsipləri ilə əlaqəsi, tədarük zənciri boyunca “bir addım geriyə – bir addım irəli” prinsipi, etiketləmə, identikləşdirmə və qeydiyyat sistemləri haqqında məlumat verilib. İnteraktiv formada keçirilən təlim zamanı iştirakçılar real nümunələr üzərində izlənilmə formaları ilə tanış olublar, eləcə də qarşılaşdıqları praktiki çətinlikləri və təkliflərini bölüşərək fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri və onun müavinləri həftə içi hər gün İnstitutun inzibati binasında sahibkarları qəbul edəcəklər. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri onları maraqlandıran məsələlərlə bağlı qəbula yazıla bilərlər. Qeyd edək ki, qəbula öncədən yazılmaq mütləqdir. Qəbulda iştirak etmək istəyən şəxslər ”1003 – Çağrı Mərkəzi”, həmçinin (012) 377-00-20 və ya (012) 565-12-72 (daxili 562) nömrələri ilə əlaqə saxlaya bilər.
İstehlakçılara keyfiyyətli və təhlükəsiz xidmət göstərmək üçün həmin müəssisələrin əməkdaşları çalışdıqları ictimai iaşə obyektlərində sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidir. Bu sahədə məlumatlılığın artırılması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Təlim Mərkəzi tərəfindən qida ilə təmasda olan işçilər üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirilib. Təlimdə “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə uyğun olaraq işçilərin şəxsi gigiyenası, ziyanvericilərə nəzarət, təmizləmə və dezinfeksiya prosedurları, qida məhsullarının daşınması, saxlanması və düzgün emalı qaydaları barədə geniş məlumat verilib. Təlimdə vurğulanıb ki, qida təhlükəsizliyinin qorunmasında işçilərin şəxsi gigiyenası mühüm rol oynayır. İctimai iaşə müəssisələrində çalışan əməkdaşların təmiz iş geyimi geyinməsi, bone və əlcəkdən istifadə etməsi, sahəyə giriş zamanı əllərini yuyaraq dezinfeksiya etməsi və dırnaqların təmiz saxlanması vacib tələblər sırasındadır. Bu qaydalara əməl olunmaması qida məhsullarının çirklənməsi və istehlakçının sağlamlığının risk altına düşməsi ilə nəticələnə bilər. Təlim çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, onların bilik və bacarıqları dəyərləndirilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Zhecian, Anhui, Quandun, Cyansi, Fuciyen əyalətlərində nodulyar dermatit, Norveç Krallığının Roqaland, Troms-Oq-Finnmark inzibati ərazi vahidlərində, Ekvador Respublikasının Kotopaxi, Bolivar, Piçinça, Tunquraua, Asuay, İmbabura, Napo, Pastasa, Morona-Santyaqo, Kanyar, Quayas əyalətlərində, Amerika Birləşmiş Ştatlarının Missuri, Ohayo, İndiana, Puerto-Riko, Nyu-York, Pensilvaniya ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Q.B.Zakir küçəsində fəaliyyət göstərən Hüseynzadə Fərid İlham oğluna məxsus “Maqnoliya” restoranında yoxlama keçirib. Baxış zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali Makedoniya Respublikasının Cənub-Qərbi Statistik regionunda, Niderland Krallığının Qelderland əyalətində blutanq, Albaniya Respublikasının Dürres bölgəsində xırdabuynuzlu heyvanların taunu, İtaliya Respublikasının Sardiniya regionunda nodulyar dermatit, Polşa Respublikasının Pomorsk inzibati ərazisində Nyukasl, Uelsin Pembrukşir bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Giriş