Hindistandan idxal edilən ət məhsulunda salmonella bakteriyası aşkarlanıb
14 İyun 2023 18:08






Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, ət məhsulunda salmonella bakteriyası aşkarlanıb və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub. Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Oxşar xəbərlər

İdxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və Gürcüstandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həminçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

İdxal olunan yem əlavəsi partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində "Provet Solutions" MMC-nin Türkiyədən idxal etdiyi 208 ədəd 1 litrlik, 14 ədəd 25 litrlik “Aven Elektro Plus” əmtəə nişanlı yem əlavəsi məhsul partiyasından Qida Təhlükəsizliyi Agentliyi tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində manqan (Mn), mis sulfatın (Cu) və sink sulfatın (Zn) göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qəbul edilmiş qərar əsasında məhsul partiyası məhv edilib.

Türkiyənin istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib. Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.
