İctimai iaşə obyektlərində qida məhsullarına dair tələblərə əməl edilməlidir!
12 Sentyabr 2024 09:44
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl edilməli, o cümlədən qida məhsullarına dair tələblər yerinə yetirilməlidir.
İctimai iaşə obyektlərində insan istehlakı üçün yararsız olan, habelə parazitlər, patogen mikroorqanizmlər, kənar maddələr və ya toksinlərlə çirklənmiş, sanitar-gigiyenik normalara uyğun olmayan qida məhsullarının qəbulu, istehsalı və emalı qətiyyətlə yolverilməzdir. Həmçinin qida məhsullarında çarpaz çirklənmənin qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Digər tədbirlərlə yanaşı, ət və ət məhsulları, balıq əti və balıqçılıq məhsulları, tərəvəz kimi qida məhsullarının istehsalı ilə soyuq qəlyanaltılar da daxil olmaqla, məhsulların emalı bir-birindən izolə edilmiş ayrı sahələrdə həyata keçirilməli və ya ayrı-ayrılıqda təşkil olunmalıdır. Qida məhsulları döşəmə, tavan və divarla təmas etməməlidir. Qida məhsullarının müvafiq şəraitdə saxlanması üçün temperatur və rütubətə nəzarət olunmalıdır. Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, çirklənmədən qorunmalıdır.
Qida məhsullarının daşınması keyfiyyətin və təhlükəsizliyin qorunması tam təmin edilən şəraitdə aparılmalıdır. Tez xarab olan məhsullar (istehsal və ya emal edildikdən sonra 30 günə qədər yararlılıq müddəti olan) yalnız xüsusi qablarda və temperatur şəraiti olan avadanlıqlarda saxlanmalı və daşınmalıdır. Qida məhsulları hazırlanarkən düzgün bişirilmə temperaturuna riayət edilməlidir. Qida məhsullarının yararlılıq müddətinə nəzarət olunmalı və saxlanma yerlərində “İlk girən-ilk çıxar (FIFO)” prinsipinə uyğun hərəkət edilməlidir. Dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) proseduru patogen mikroorqanizmlərin artımı və ya qidada toksinlərin əmələ gəlməsinə imkan verməyən şəraitdə həyata keçirilməlidir. Donu açılan qida məhsulları təkrar dondurularaq istifadə olunmamalıdır.
Bu qaydalara əməl edilmədikdə, bir sıra təhlükəli hallar meydana çıxır ki, bu da kütləvi zəhərlənmələrə və insanın həyat və sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb olar.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş