İdxal olunan qida və yem məhsullarına dair tənzimləmə necə həyata keçirilir?
24 İyun 2023 12:29
Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi “Qida təhlükəsizliyi haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması Qaydası”nda bildirilir. Qaydaya əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyi tanındıqda, bu texniki normativ hüquqi aktlara uyğunluğu təsdiq edilmiş müvafiq qida və yem məhsullarının ölkəmizin gömrük ərazisinə idxalına yol verilir. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, respublikamıza qida və yem məhsulları idxal etmək istəyən ölkələrin qida təhlükəsizliyi sahəsində səlahiyyətli qurumları xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması üçün bu Qaydaya uyğun olaraq diplomatik kanallar vasitəsilə AQTA-ya müraciət etməlidir. Qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma zamanı istinad edilən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, həmin məhsulların ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyasına dair tələblər müəyyənləşdirən texniki normativ hüquqi aktların xarici səlahiyyətli qurumun müraciətinə uyğun olaraq hamısının, birinin və ya bir neçəsinin ekvivalentliyinin tanınması həyata keçirilə bilər.
Xarici səlahiyyətli qurum ekvivalentliyin tanınması üçün Agentliyə müraciət edərkən aşağıdakıları təqdim edir:
- xarici texniki normativ hüquqi aktları;
- müvafiq təsdiq, qeydiyyat, sertifikatlaşdırma və digər nəzarət tədbirləri barədə aidiyyəti normativ hüquqi aktları;
- xarici texniki normativ hüquqi aktların milli texniki normativ hüquqi aktlardan fərqli tələbləri və həmin tələblərin müvafiq milli texniki normativ hüquqi aktın müəyyən etdiyi sanitar mühafizəni eyni və ya daha yüksək səviyyədə təmin etməsinə dair elmi sübutlar və risk qiymətləndirilməsi nəticələrinə dair məlumatları;
- ekvivalentliyin tanınması üçün xarici səlahiyyətli qurumun zəruri hesab etdiyi digər məlumatları.
AQTA xarici səlahiyyətli qurumun bu Qaydaya əsasən tələb olunan məlumatları təqdim edə bilməsi üçün müvafiq məhsula dair aidiyyəti milli texniki normativ hüquqi aktın həmin xarici səlahiyyətli quruma təqdim olunmasını təmin edir. Təqdim olunan məlumatlar əsasında Agentlik tərəfindən müvafiq xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla fərqli tələblərinin sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsinə dair araşdırma həyata keçirilir və nəticələrinə dair hesabat hazırlanır. Araşdırma ən geci 2 ay müddətində başa çatdırılmalıdır. Araşdırmanın nəticələri əsasında xarici texniki normativ hüquqi aktın milli texniki normativ hüquqi aktla müqayisədə sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin edib-etmədiyi müəyyənləşdirildikdə, AQTA həmin texniki normativ hüquqi aktın ekvivalentliyinin tanınması və ya ekvivalentliyinin tanınmasından imtina olunması haqqında 10 iş günü müddətində qərar qəbul edir. Həmçinin qəbul olunan qərar barədə 7 iş günü müddətində xarici səlahiyyətli quruma diplomatik kanallar vasitəsilə rəsmi məlumat verir. Məlumatda ekvivalentliyin tanınması ilə bağlı qərarın qüvvəyə minməsi tarixi, ekvivalentliyin tanınmasından imtina edildikdə isə imtinaya əsas olmuş hallar qeyd edilməlidir. İmtina üçün əsaslar aradan qaldırıldıqdan sonra xarici səlahiyyətli qurum tərəfindən ekvivalentliyin tanınması üçün Agentliyə bu Qaydaya uyğun olaraq yenidən müraciət edilə bilər. Ekvivalentliyi tanınmış xarici texniki normativ hüquqi aktlar barəsində məlumat Agentliyin rəsmi internet səhifəsində dərc olunur. Ekvivalentliyi tanınmış xarici texniki normativ hüquqi aktlarda dəyişiklik baş verdikdə, xarici səlahiyyətli qurum bu barədə diplomatik kanallar vasitəsilə AQTA-ya məlumat verməlidir. Bu halda ekvivalentliyin tanınması barədə qərara Agentlik tərəfindən yenidən baxılır.
Qeyd edək ki, ekvivalentlik Azərbaycanın xarici ticarət tərəfdaşı olan ölkənin respublikamıza idxal edilən və ya idxal olunması nəzərdə tutulan qida və yem məhsuluna dair qüvvədə olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktının Azərbaycanda qüvvədə olan müvafiq texniki normativ hüquqi aktdan fərqli normalar və qaydalar müəyyənləşdirsə belə, milli texniki normativ hüquqi aktın tələb etdiyi sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etməsi şərtilə milli texniki normativ hüquqi akta bərabər tutulmasıdır.
Oxşar xəbərlər
“Qırmızı Körpü”də istifadəyə yararsız 23,6 ton hind quşu ətinin idxalının qarşısı alınıb - VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb. ABŞ-nin “LAMEX FOODS INC.” şirkətinin istehsalı olan və “Universal-SVS” MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23,6 ton hind quşu əti müvafiq qaydada məhv edilib. Beləliklə, Azərbaycan–Gürcüstan dövlət sərhədində yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb. Daha ətraflı:
Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ukraynadan idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, “Qədiroğlu” MMC tərəfindən idxal edilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib. Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib. Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan “Renet” müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Nord Star Pharma” MMC tərəfindən Rusiyadan idxal olunan “Biokor” istehsal müəssisəsinə məxsus “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.
Giriş