İran İslam Respublikasından idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub
21 Sentyabr 2021 10:41
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən сari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına Agentliyin müfəttişləri baxış keçirmişdir. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur. Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmiş və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınmışdır.
Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella – kartof güvəsi tırtıl mərhələsində) aşkar edilmişdir.
Karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır. Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.
Qanunvericiliyə əsasən, hər hansı məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi müəyyən edildiyi halda həmin məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi zəruridir. Həmçinin müvafiq qanunvericiliyə görə, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün lazımi fitosanitar tədbirlərin yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində başlıca vəzifə və öhdəliklərindəndir. Lakin ekspertizanın nəticələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün yüklərin saxlandığı anbarlara Agentliyin əməkdaşları tərəfindən təkrar baxış zamanı yuxarıda qeyd edilən şəxslərdən iltizamnamənin alınmasına baxmayaraq yük partiyalarının satıldığı faktı aşkar olunmuş və bununla da qanuni yazılı tələblərin yerinə yetirilmədiyi müəyyən edilmişdir.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş