İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub
20 Oktyabr 2023 17:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində İran İslam Respublikasından idxal olunan "Hame Fan Harifan Khedmat Gostar", "Shayan Sam Milad" və "Amin Tejarat Atlas Darya" şirkətlərinə məxsus ərzaqlıq kartof məhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi (“Clavibacter michiganensis subsp. sepedonicus”) və kartofun qonur çürümə bakteriyası (“Ralstonia solanacearum”) aşkarlanıb.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2023-cü il 23 oktyabr tarixindən etibarən qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.
Oxşar xəbərlər
Ucarda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Ucar rayonunda keçirilib. Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Ucar Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib.
Zaqatalada fəaliyyət göstərən şadlıq evində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qarayev Nazim Həsən oğluna məxsus “Röya” şadlıq evində planlı yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, obyektdə çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, döşəmə və divar səthlərinin təmirsiz olduğu, istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən olunub.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin qarşısını necə almaq olar?
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi ilk dəfə Şimali Amerikada qeydə alınıb və 1960-cı ildən başlayaraq Avropa və Orta Şərqdə geniş yayılıb. Karantin statusuna görə Cənubi və Şərqi Afrikada, həmçinin Argentina, Braziliya, Çili, Bəhreyn, Çin, Özbəkistan, Belarus, Gürcüstan, Moldova kimi ölkələrdə A1, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan kimi dövlətlərdə A2 siyahısına salınıb. Azərbaycanda ilk dəfə 2019-cu ilin may ayında Zaqatala-Balakən bölgəsindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına daxil olmuş alma və armud ağaclarının nümunələrində aşkar edilib.