İstixanada nöqsanlar aşkar edilib
12 İyun 2023 12:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb. Yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib. Belə ki, istixanada normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi və onlar üçün soyunub-geyinmə sahəsinin ayrılmadığı müəyyən olunub. Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Oxşar xəbərlər
Quba və Xaçmaz rayonlarında Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər keçirilir
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Quba rayonunun Qımılqışlaq və Xaçmaz rayonunun Xanoba kəndlərində monitorinqlər aparılıb. Baxış zamanı zərərvericinin qışlama yerləri yoxlanılıb, aşkar edilən zərəvericilər mexaniki üsulla məhv edilib. Bununla yanaşı, kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Bildirilib ki, temperaturun tədricən yüksəlməsi ilə əlaqədar zərərverici qışlama yerlərini tərk etməyə başlayır və bu mərhələdə son monitorinq tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaz və yay aylarında zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Sakinlərə mövzu ilə bağlı buklet və kitabçalar paylanıb.
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb. Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb. Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub. Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir. Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
Azərbaycan Respublikasından yerli gilas tinglərinin Özbəkistan Respublikasına ixracına icazə əldə olunub. Gilas tingləri fitosanitar baxımdan yüksək riskli məhsul hesab olunduğundan, ixracdan əvvəl beynəlxalq standartlara uyğun ətraflı fitosanitar risk qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı potensial karantin zərərvericiləri, onların yayılma yolları və risklərin azaldılması tədbirləri geniş təhlil olunub. Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, müəyyən edilmiş ciddi fitosanitar tələblərə riayət olunmaqla gilas tinglərinin Özbəkistana ixracının mümkün olduğu müəyyən edilib. Qeyd edək ki, ixrac yalnız Özbəkistanın müvafiq qurumları tərəfindən dövlət reyestrində qeydiyyata alınmış tingçilik təsərrüfatları tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə sahibkarlar qeydiyyat üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Sözügedən ixrac icazəsi ölkənin ixrac potensialının artırılmasına, tingçilik sektorunun inkişafına və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş