İxrac olunan bitkiçilik məhsullarının qablaşdırma və etiketlənmə tələblərinə ciddi əməl edilməlidir
11 İyul 2025 14:41
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək, beynəlxalq ticarətdə tətbiq olunan qablaşdırma və etiketlənmə tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır.
Bu istiqamətdə Agentlik tərəfindən sahibkarlarla dəfələrlə görüşlər keçirilib və ixrac zamanı mümkün risklərin qarşısının alınması məqsədilə vacib məsələlər diqqətə çatdırılıb. Belə ki, ixrac olunan məhsulların etiketləri məhsul barədə bütün zəruri məlumatları əks etdirməli, tara üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növlərindən istifadə edilməlidir. Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıqlar və taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun şəkildə işlənməlidir.
Bildiririk ki, sahibkarlar ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı beynəlxalq tələblərə tam əməl etməli, məhsullar düzgün tərtibatda və təhlükəsiz şəkildə təqdim olunmalıdır. Qeyd olunan tələblərin pozulması halları gələcəkdə ixrac prosesində ciddi fəsadlara yol aça bilər.
Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkarları bir daha diqqətli olmağa, beynəlxalq tələblərə ciddi yanaşmağa və ixrac prosesi zamanı heç bir riskə yol verməməyə çağırır.
Oxşar xəbərlər
AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünü qeyd edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşların iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərini və əhalinin doğma torpaqlarına qayıdışını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, şəhər və kəndlər müasir standartlara uyğun qurulur, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti bu ərazilərin sosial-iqtisadi inkişafına və əhalinin layiqli yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir. Tədbirdə Vətən müharibəsində iştirak etmiş Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
RİTM - Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sahibkarlar və mütəxəssislər üçün yeni imkanlar yaradan Rəqəmsal və İnnovativ Təlim Mərkəzi (RİTM) fəaliyyətə başlayıb. RİTM qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində bilik və bacarıqların artırılmasına, müasir yanaşmaların və beynəlxalq tələblərin öyrənilməsinə xidmət edən rəqəmsal təlim platformasıdır. Platforma qida sahəsində fəaliyyət göstərən sahibkarlar, qida ilə təmasda olan əməkdaşlar, tələbələr, mütəxəssislər və digər maraqlı tərəflər üçün nəzərdə tutulub. İstifadəçilər platforma vasitəsilə müxtəlif mövzularda rəqəmsal təlimlərdən yararlana biləcək, bilik və bacarıqlarını inkişaf etdirmək imkanına malik olacaqlar. Təlimləri uğurla başa vuran iştirakçılar elektron qaydada rəsmi sertifikat əldə edəcəklər. Təlim materialları Codex Alimentarius, HACCP, ISO standartları və digər beynəlxalq tələblər nəzərə alınmaqla hazırlanır və mütəmadi olaraq yenilənir. Platformada təqdim olunan videodərslər, təqdimatlar, interaktiv tapşırıqlar, özünüqiymətləndirmə testləri və praktiki nümunələr öyrənmə prosesinin daha əlçatan, çevik və səmərəli təşkilinə imkan yaradır. RİTM-in əsas məqsədi qida təhlükəsizliyi sahəsində maarifləndirməni gücləndirmək, beynəlxalq tələblərə uyğun bilik və bacarıqları geniş auditoriyaya çatdırmaq, sahibkarlıq subyektlərinin peşəkar inkişafını dəstəkləmək, eləcə də təhlükəsiz qida zəncirinin formalaşmasına töhfə verməkdir. RİTM təlim platformasından qeydiyyatdan keçmək istəyənlər https://ritm.afsi.gov.az/ saytına keçid edə bilərlər. Tanıtım videosuna keçid:
Şəki və Oğuz məktəblərində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericinin kənd təsərrüfatına vura biləcəyi ziyanın minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Şəki və Oğuz rayonlarının ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı şagirdlərə zərərvericinin bioloji xüsusiyyətləri, kənd təsərrüfatı məhsullarına vurduğu zərər, yayılması və onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, zərərverici payız-qış mövsümündə qışlamaq üçün yaşayış evlərinə və digər tikililərə daxil olur, belə hallarda kimyəvi vasitələrdən istifadə etmədən mexaniki mübarizə üsullarının tətbiqi əhəmiyyət kəsb edir. Zərərvericinin yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Tədbirlərdə maarifləndirmə işinin əhatə dairəsinin genişləndirilməsində əldə olunan məlumatların ailə üzvləri və ətrafdakılarla bölüşülməsinin faydasından da danışılıb. Tədbirlərin əsas məqsədi müəllimlərin və məktəblilərin zərərverici barədə məlumatlılığını artırmaq, onun yayılmasının qarşısının alınmasında ictimai iştirakçılığın gücləndirilməsini təmin etməkdir. Bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş