Kütləvi qidalanmanın həyata keçirildiyi obyektlərə nəzarət gücləndirilib
3 Dekabr 2024 15:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şadlıq saraylarının, mərasim evlərinin və insanların kütləvi qidalanmasının həyata keçirildiyi digər qida obyektlərinin sahiblərinə müraciət edib.
Bildirilir ki, aparılan nəzarət tədbirləri zamanı bir çox hallarda ziyafətlərdə ilkin və dövri tibbi müayinədən keçməmiş təsadüfi şəxslərin xidmət göstərdiyi məlum olur. Belə şəxslərin birbaşa, yaxud dolayısı ilə qida ilə təmasda olması isə insanlarda kütləvi mədə-bağırsaq pozuntuları ilə müşahidə edilən halların baş verməsinə və zəhərlənməyə səbəb ola bilər. Eyni zamanda bir çox hallarda, xüsusilə də regionlarda qidaların ev şəraitində hazırlanaraq şadlıq saraylarına, mərasim evlərinə və digər belə yerlərə gətirildiyi müşahidə edilir. Qida məhsullarının sanitar-gigiyenik norma və qaydalara uyğun olmayan şəraitdə, texnoloji ardıcıllıq gözlənilmədən, çarpaz çirklənməyə şərait yaratmaqla hazırlanması, həmçinin hazır qidaların isti və soyuq zəncir gözlənilmədən antisanitar şəraitdə şəxsi nəqliyyat vasitələri ilə tədbir məkanına daşınması isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, insan həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.
Agentlik bəyan edir ki, sadalanan hallar yolverilməzdir. Qeyd olunan hallarda baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə obyekt sahibləri birbaşa məsuliyyət daşıyır. Eyni zamanda bildirilir ki, sözügedən sahədəki mövcud vəziyyətin qiymətləndirilməsi, zəhərlənmə və qida mənşəli xəstəliklərin baş verməsi riskinin azaldılması məqsədilə AQTA əhalinin kütləvi qidalandığı məkanlarda, o cümlədən şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Tədbirlər zamanı qanunvericiliyin tələblərinə zidd faktlar aşkarlandığı təqdirdə, obyekt və onların rəhbərləri barədə zəruri tədbirlər görüləcək.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, qida subyektlərində çalışan və qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlar müvafiq qaydada ilkin və dövri tibbi müayinədən keçməli, gigiyenik təlimlərə cəlb olunmalı, fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. Həmçinin ictimai iaşə xidmətinin təşkili zamanı qanunvericiliklə müəyyən olunmuş sanitariya qaydalarının və gigiyenik normativlərin tələblərinə ciddi riayət edilməlidir.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş