Lənkəran Regional Sınaq Laboratoriyasına gənclər üçün infotur təşkil edilib
19 Fevral 2024 15:27
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasına (LRSL) gənclər üçün infotur təşkil olunub. AQTİ-nin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən infoturda həmin bölgədən olan gənclər istirak edib.
İnfotur gənclərin LRSL-in fəaliyyəti ilə yaxından tanış olması, həmçinin gələcəkdə birgə layihələrin reallaşdırılması perspektivlərinin nəzərdən keçirilməsi məqsədilə təşkil edilib. İnfotur zamanı gənclər LRSL-ə baxış keçirib və laboratoriyanın maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlara laboratoriya haqqında ətraflı məlumat verilib. Bildirilib ki, LRSL üç istiqamətdə fəaliyyət göstərir. Laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası aparılır.
İnfotur iştirakçılarına LRSL-lə yanaşı, AQTİ-də gənclər üçün yaradılan şərait, o cümlədən işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA sədri Oğuzda vətəndaşları qəbul edib, istehsal müəssisələrinə baş çəkib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 15-i Oğuzda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. AQTA sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə bağlı səfəri çərçivəsində Oğuzda yerləşən "CPC" və Qaxda yerləşən "Ulu Aqro" MMC-lərdə istehsal prosesi ilə yaxından tanış olub.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.