Media nümayəndələri Siyəzəndə “HALAL” uyğunluq sertifikatı almış müəssisənin fəaliyyəti ilə tanış olublar
24 Dekabr 2024 12:08
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “HALAL” uyğunluq sertifikatını almış “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyətinə (ASC) media subyektlərinin nümayəndələri üçün mediatur təşkil olunub.
Mediatur çərçivəsində jurnalistlərlə keçirilən görüşdə bildirilib ki, bir müddət əvvəl Siyəzən rayonunda fəaliyyət göstərən “Siyəzən Broyler” ASC “HALAL” sertifikatlaşma ilə bağlı AQTİ-yə müraciət edib. Bu müraciət əsasında Cəmiyyətə aid olan ev quşlarının kəsimi və emalı müəssisələrində qiymətləndirmə fəaliyyətləri həyata keçirilib. Qiymətləndirmələr nəticəsində qənaətbəxş nəticə əldə edən qida subyektinə 3 illik etibarlılığa malik “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bu da ilk növbədə müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsal və ixrac imkanlarını artırır.
Eyni zamanda vurğulanıb ki, AQTİ Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilib. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartı əsasında həyata keçirilib. Həmçinin bildirilib ki, “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. İştirakçılara halal sertifikatlaşma prosesinin mərhələləri və kateqoriyaları haqqında da məlumat verilib. Eyni zamanda hazırda “HALAL” sertifikatlaşma ilə bağlı İnstituta müraciət etmiş müəssisələrlə bağlı müvafiq işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüşdən sonra jurnalistlər müəssisənin fəaliyyəti ilə tanış olublar. Onlar xammalın yoxlanılması, quşların kəsimi və məhsulun emalı proseslərini izləyiblər. Bildirilib ki, müəssisədə quşların yemləndirilməsi xüsusi qaydada aparılır, yem və yem əlavələrinə daim nəzarət edilir. Kəsim üçün quşlar seçilərkən isə müvafiq qaydalar, o cümlədən də onların sağlamlığı və təmizliyi əsas götürülür. Kəsimdən əvvəl quşlar baytarlıq nəzarətindən keçirilir. Quşların kəsimi də müvafiq qaydalara uyğun aparılır. Bu zaman kəsim alətlərinin uyğunluğu və təmizliyi də nəzərə alınır. Məhsulun emalı zamanı qanın axıdılması və təmizləmə prosedurları yoxlanılır. İstehsal prosesində qanın məhsula qarışmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür, qida təhlükəsizliyi təmin olunur.
Mediatur çərçivəsində mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Oxşar xəbərlər
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş