Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
21 Avqust 2024 11:25
Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) və bu laboratoriyanın Bərdə Regional bölməsi Böyük Britaniyanın “Vetqas APHA Scientific” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında bruselyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə uğurlu nəticələr əldə edib. Həmçinin MBL bu səriştəlilik sınağında xlamidiyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə yüksək nəticəyə sahib olub.
Qeyd edək ki, MBL bundan əvvəl də beynəlxalq səviyyədə təşkil olunan səriştəlilik test proqramlarına qatılaraq yüksək nəticələr əldə edib.
Onu da bildirək ki, MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Bu laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. MBL AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.