Meyvə istehsalçıları ilə görüş keçirilib
16 Fevral 2024 12:44
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə ölkədə meyvə istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Tədbirdə Agentliyin Aparat rəhbəri Elxan Mikayılov ölkədə təhlükəsiz və beynəlxalq standartlara uyğun meyvə istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, son illər Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, həmçinin kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq olunması bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır. Keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı isə ilk növbədə aqrotexniki qaydalara düzgün riayət olunması ilə bağlıdır.
Görüşdə daha sonra meyvə istehsalı sahələrində pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarına nəzarət, təsərrüfatlarda aşkarlanan zərərli orqanizmlərlə, o cümlədən də qəhvəyi mərmər bağacığı ilə mübarizə, qeyd jurnallarının tətbiqi, pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə qaydaları haqqında sahibkarlara ətraflı məlumat verilib. Müvafiq qaydalara əməl olunmasının vacibliyi önə çəkilib. Eləcə də vurğulanıb ki, sahibkarlar torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, su və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nin Şamaxı Regional Sınaq Laboratoriyasına müraciət edə bilərlər.
Tədbirin sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
Şəkidə qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonunun İnçə və Zunud kəndlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllim kollektivləri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə kənd təsərrüfatına və ətraf mühitə ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qış dövrü qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirlərinin aparılması üçün ən əlverişli mərhələ hesab olunur. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici kitabçalar paylanılıb.
Pestisid və gübrələrin dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib. Görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir. Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.
Ağdamda bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən, Qurbanov Rüfət Nazim oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş