Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib
23 İyun 2025 17:04
Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir.
Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır.
Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da, etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.
Oxşar xəbərlər
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş