Naftalanda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
7 Avqust 2024 15:38
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “HACCP - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda təşkil olunub. Təlim Naftalan şəhərində yerləşən “Yeni Çinar Hotel Company” MMC-nin əməkdaşları üçün keçirilib.
İnstitutun peşəkar mütəxəssisləri təlimdə iştirakçılara qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumat verib. Eləcə də onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah olunub. Həmçinin sahibkarlıq subyektinin əməkdaşları məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumatlandırılıb.
İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, AQTİ tərəfindən “HACCP - Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İngiltərənin Yorkşir və Humber regionunda, Çexiya Respublikasının Karlovar diyarında, İsveçrə Konfederasiyasının Bazel-Landşaft, Bazel-Ştadt, Turqau kantonlarında blutanq, Butan Krallığının Çxukha rayonunda və Nigeriya Federativ Respublikasının Delta ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qoşqar Təhməzli Gəncədə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 12-si Gəncə İdman Sarayında Gəncə, Naftalan şəhərləri və Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
İctimai iaşə obyektlərində qida məhsullarına dair tələblərə əməl edilməlidir!
İstehlakçılara sağlam və təhlükəsiz ictimai iaşə xidmətlərini göstərmək üçün həmin müəssisələrdə bir sıra qaydalara ciddi şəkildə əməl edilməli, o cümlədən qida məhsullarına dair tələblər yerinə yetirilməlidir. İctimai iaşə obyektlərində insan istehlakı üçün yararsız olan, habelə parazitlər, patogen mikroorqanizmlər, kənar maddələr və ya toksinlərlə çirklənmiş, sanitar-gigiyenik normalara uyğun olmayan qida məhsullarının qəbulu, istehsalı və emalı qətiyyətlə yolverilməzdir. Həmçinin qida məhsullarında çarpaz çirklənmənin qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Digər tədbirlərlə yanaşı, ət və ət məhsulları, balıq əti və balıqçılıq məhsulları, tərəvəz kimi qida məhsullarının istehsalı ilə soyuq qəlyanaltılar da daxil olmaqla, məhsulların emalı bir-birindən izolə edilmiş ayrı sahələrdə həyata keçirilməli və ya ayrı-ayrılıqda təşkil olunmalıdır. Qida məhsulları döşəmə, tavan və divarla təmas etməməlidir. Qida məhsullarının müvafiq şəraitdə saxlanması üçün temperatur və rütubətə nəzarət olunmalıdır. Qida məhsulları ilə təmasda olan buz içməli sudan hazırlanmalı, çirklənmədən qorunmalıdır.