Qida sahəsində gigiyena tələblərinə dair təlimlərə cəlb olunanların sayı artıb
6 Sentyabr 2024 16:11
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
AQTİ-nin Təlim Mərkəzi sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlimi “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edib.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində 309 qida subyektinin 1743 əməkdaşı gigiyena tələblərinə dair təlimlərdə iştirak edib. İştirakçılardan 1473-ü uğurlu nəticə göstərərək, sertifikatlarla təmin olunub, 270 iştirakçı isə uyğunsuz nəticə əldə edib.
Xatırladaq ki, AQTİ-nin Təlim Mərkəzi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 70-də həm kəsim, həm satış, 29-da qurbanlıq heyvanların yalnız satışı, 27-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Heyvan kəsimi məntəqələrində hansı qaydalara əməl olunmalıdır?
Qurban bayramı günlərində heyvan kəsimi və satışına tələbat əhəmiyyətli dərəcədə artır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar heyvan kəsimini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməlidir. Heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimdə (saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və s.) olmalı, əraziyə zərərvericilərin və digər heyvanların (it,pişik) daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov", “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.