Qida subyektlərinin və obyektlərinin səyyar qeydiyyatı davam edir
22 Noyabr 2023 15:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasını davam etdirir.
Proses çərçivəsində 20 noyabr 2023-cü il tarixində AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz olunmuş texniki vasitələrlə Şamaxı rayonu ərazisində 17 sahibkarlıq subyektinə məxsus qida obyektinin yerində qeydiyyata alınması və təsdiqi həyata keçirilib. Eyni zamanda sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb.
Qeyd edək ki, sahibkarlar Agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər. Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir.
Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün AQTA-nın www.afsa.gov.az saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər. Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və AQTA-nın regional bölmələrinə müraciət etmək imkanları var.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA sədri Oğuzda vətəndaşları qəbul edib, istehsal müəssisələrinə baş çəkib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 15-i Oğuzda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. AQTA sədri Qoşqar Təhməzli vətəndaşların qəbulu ilə bağlı səfəri çərçivəsində Oğuzda yerləşən "CPC" və Qaxda yerləşən "Ulu Aqro" MMC-lərdə istehsal prosesi ilə yaxından tanış olub.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.