Qida zəhərlənməsi hadisələrinin araşdırılması üzrə Komissiyanın iclası keçirilib
7 Noyabr 2023 16:08
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Səhiyyə Nazirliyinin (SN) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələrindən ibarət Qida zəhərlənməsi hadisələrinin araşdırılması üzrə Komissiyanın onlayn formada növbəti iclası təşkil edilib.
İclasda Komissiyanın üzərinə düşən vəzifələr bir daha nəzərdən keçirilib. Həmçinin görülən işlər və planlaşdırılan tədbirlər barədə danışılıb.
Qeyd edək ki, komissiya AQTA, SN və TƏBİB tərəfindən təsdiq olunan “Qida zəhərlənməsi hadisələrinin qida təhlükəsizliyi baxımından araşdırılması və qeydiyyatının aparılması haqqında Təlimat”ın icrasına nəzarət, qida zəhərlənmələrinin araşdırılması mexanizminin sistemli təşkili, habelə Təlimatın təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, müvafiq təlimlərin keçirilməsi və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılıb. Sözügedən Təlimat isə qida zəhərlənməsi hadisələrinin araşdırılması və qeydiyyatının aparılması qaydalarının müəyyən olunması, səbəblərinin vaxtında aşkarlanması ilə yayılmasının və zərərçəkənlərin sayının artmasının qarşısının alınması, eləcə də etiologiyasının müəyyənləşdirilməsi ilə gələcəkdə bu kimi halları istisna edən tədbirlərin görülməsi üçün hazırlanıb.