Qoşqar Təhməzli alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
28 Oktyabr 2024 16:36

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul bu həftənin IV günü, oktyabrın 31-də alkoqollu və alkoqolsuz içkilərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

İdxalda aşkar olunan uyğunsuzluqla bağlı bəzi ölkələrin müvafiq qurumlarına bildirişlər göndərilib
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülür. Həmçinin Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

“Bitki sağlamlığı haqqında” Qanun layihəsi meyvə-tərəvəz istehsalçıları və ixracatçıları ilə müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan rezistentliyin aradan qaldırılması, torpaqda və bitkidə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının minimuma endirilməsi məqsədilə inteqrir mübarizə və digər alternativ daha təhlükəsiz mübarizə üsullarının ön planda olduğu xüsusi vurğulanıb. Ölkədə istehsal edilən bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, ixrac bazarının genişləndirilməsi istiqamətində ilkin istehsalla məşğul olan bitkiçilik məhsullarının növlərinə görə ərazisi müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən həddən çox olan bitkiçilik obyektlərinin bitki sağlamlığına daxili nəzarət sisteminə, o cümlədən bitkiçilik subyektlərində onları bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz edən və ya bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olması Qanun layihəsində qoyulan başlıca tələblərdəndir. “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev Qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək, müvafiq sahədə mövcud olan problemlərin aradan qaldırılmasında, praktikaya yönəlik hüquqi bazanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Layihədə yer alan və beynəlxalq qanunvericiliyə və təcrübəyə əsaslanan yeni yanaşmaların (vahid Bitki Sağlamlığı Reyestrinin yaradılması, monitorinq, izləmə sisteminin formalaşdırılması, zərərli orqanizmlərdən azad istehsal yeri və ya sahələrinin yaradılması, elmi-tədqiqata və risklərin idarəedilməsinə əsaslanan yeni mexanizmlərin yaradılması, inteqrir, bioloji, biotexniki mübarizəyə təşviq və s.) bitkiçilik məhsullarının ilkin istehsalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən xüsusilə müsbət qarşılandığı qeyd olunub. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.