Qoşqar Təhməzli FAO nümayəndə heyəti ilə görüşüb
5 Noyabr 2026 16:22
Noyabrın 5-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsinin müavini Nabil Gangi və FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.
Görüşdə AQTA və FAO arasında mövcud əməkdaşlığın nəticələri, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xüsusilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində FAO ilə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu çərçivədə qida təhlükəsizliyi nəzarətinin rəqəmsallaşdırılması, heyvanların identikləşdirilməsi, izlənəbilənlik sisteminin inkişafı, laboratoriya potensialının gücləndirilməsi, sərhəd-keçid məntəqələrində nəzarət infrastrukturunun yaradılması və HACCP sisteminin tətbiqinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, qida istehlakı məlumat bazasının ölkə miqyasında genişləndirilməsi, Azərbaycanın Kodeks Koordinasiya Komitəsinin Avropa regionu üzrə növbəti koordinatoru rolunun dəstəklənməsi, qida təhlükəsizliyində süni intellekt və böyük verilənlər (Big Data) texnologiyalarının tətbiqi, risklərin təhlili sahəsində təcrübə mübadiləsi, eləcə də 2027-ci ildə Bakıda keçiriləcək Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) tədbirlərinə FAO-nun ekspert və institusional dəstəyi məsələləri müzakirə edilib.
Görüşdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
“Qırmızı Körpü”də istifadəyə yararsız 23,6 ton hind quşu ətinin idxalının qarşısı alınıb - VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb. ABŞ-nin “LAMEX FOODS INC.” şirkətinin istehsalı olan və “Universal-SVS” MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23,6 ton hind quşu əti müvafiq qaydada məhv edilib. Beləliklə, Azərbaycan–Gürcüstan dövlət sərhədində yerləşən “Qırmızı Körpü” Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb. Daha ətraflı:
Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ukraynadan idxal olunan kərə tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb. Belə ki, “Qədiroğlu” MMC tərəfindən idxal edilən, Ukraynanın “Ratnovskiy molokozavod” MMC-də istehsal olunan "Lyuks Golden Ratne 81,5%, 5 kq" əmtəə nişanlı (25.08.2026 - 25.08.2027-ci il istehsal və son istifadə tarixli) kərə tərkibli spred yağı məhsulundan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələr zamanı məhsul partiyasında uyğunsuzluq aşkar edilib. Faktla bağlı məhsul partiyasının dövriyyəsinin dayandırılması və geri çağırılması barədə qərar qəbul olunub. Eyni zamanda, istehsalçı müəssisədən ixracın müvəqqəti məhdudlaşdırılması və sertifikatlaşdırmanın dayandırılması ilə bağlı Ukraynanın müvafiq qurumuna bildiriş göndərilib. Xatırladaq ki, bundan öncə Ukraynadan idxal olunan “Renet” müəssisəsinin istehsalı olan yağ məhsulunda da uyğunsuzluq (3-monoxlorpropan1,2-diol (3-MCPD)) aşkarlandığı üçün Ukraynanın Ərzaq Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi üzrə Dövlət Xidmətinə müvəqqəti məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair (ixracın dayandırılması) müraciət ünvanlanıb.
Respublikanın 842 arıçılıq təsərrüfatında epizootoloji monitorinq keçirilib
14–25 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə ərazisində arı xəstəliklərinə qarşı epizootoloji monitorinq keçirilib. Respublika üzrə 61 rayon və şəhəri, həmçinin 279 kənd və qəsəbəni əhatə edən tədbirlər çərçivəsində ümumilikdə 842 arıçılıq təsərrüfatında 21522 arı ailəsinin klinik vəziyyəti qiymətləndirilib. Monitorinqdə arılardan və pətəklərdən laborator müayinələr üçün 846 diaqnostik nümunə götürülüb. Eyni zamanda, təsərrüfat sahibləri arasında xəstəliklərin profilaktikası, biotəhlükəsizlik tədbirləri və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunması ilə bağlı maarifləndirmə işləri aparılıb. Götürülmüş nümunələrə dair epizootoloji məlumatlar “Epicollect5” elektron məlumat bazasına daxil edilib. Aparılan laborator müayinələrin nəticələrinə əsasən, arıların xırda pətək böcəyi, Avropa çürüməsi, Amerika çürüməsi, Tropilaelaps gənələri və varroatoz xəstəliklərinə yoluxma halı qeydə alınmayıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş