Qoşqar Təhməzli ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
14 Noyabr 2024 17:49

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul gələn həftənin IV günü, noyabrın 21-də ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

Qaxda quşçuluq təsərrüfatında nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Almalı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Səxavət Rəcəb oğluna məxsus quşçuluq təsərrüfatında yoxlama keçirib. Baxış zamanı quşçuluq təsərrüfatında sanitariya norma və qaydalarının, gigiyena tələblərinin pozulduğu, həmçinin baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, müvafiq təmizlik işlərinin aparılmadığı, quşların planlı şəkildə kliniki və laborator müayinələrdən keçirilmədiyi, baytarlıq nəzarəti tədbirlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlıqlar üçün yuma sahələrinin olmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

AQTA ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AQTA sədri Qoşqar Təhməzli və Moldova Respublikası Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Vladimir Boleanın imzaladığı Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

“Məktəblilər üçün kişmiş” layihəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması ilə bağlı layihəni davam etdirir. Layihədə iştirak etmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən 10 ümumi təhsil müəssisəsi seçilib. Layihəyə cəlb olunan 2400-ə yaxın ibtidai sinif şagirdinə həftədə bir dəfə olmaqla qablaşdırılmış paketlərdə kişmiş paylanacaq. Layihənin əsas məqsədi şagirdlərə sağlam qəlyanaltı vərdişləri qazandırmaqdır. Layihə çərçivəsində kişmişin seçilməsi isə təsadüfi deyil. Kişmiş tərkibindəki dəmir sayəsində beyin funksiyalarını yaxşılaşdıran, sümük və sinir hüceyrələrini, ürək döyüntüsünü tənzimləyən, yüksək enerji qaynağı olmaqla yanaşı qanartırıcı xüsusiyyətə malik olan qida məhsuludur. Uşaqlarda anemiyanın qarşısının alınmasına kömək edir. Bu səbəbdən kişmişin tərkibindəki dəmir uşaqların zehni inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyən və müvəffəqiyyət nisbətini artıran qida məhsulu hesab edilir. Əlavə olaraq layihə çərçivəsində məktəblərdə sağlam, yetərli və balanslı qidalanma mövzusunda maarifləndirmə tədbirləri həyata keçiriləcək. Şagirdlərə sağlam qəlyanaltı vərdişlərinin qazandırılması və onların qəlyanaltıda təbii, sağlam qidalara üstünlük verməsi layihənin əsas gözləntisi hesab edilir. Qeyd edək ki, layihə Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyinin iştirakı ilə həyata keçirilir.