Qoşqar Təhməzli qida məhsullarının ticarəti sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
6 Dekabr 2024 15:34

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul gələn həftənin V günü, dekabrın 13-ü saat 15:30-da qida məhsullarının topdan və pərakəndə satışı, bazarlar, satış şəbəkələri və qida məhsullarının ticarətinə aid digər sahələrdə fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası və laboratoriyanın Qax, Quba, Sabirabad və Bərdə Regional bölmələri beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Səriştəlilik sınaqları Böyük Britaniyanın VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən qan serumu və süd nümunələrində Bruselyoz xəstəliyinin ELİSA müayinə metodu ilə təyini üzrə aparılıb. Sınaqlarda əldə olunan müsbət nəticələr laboratoriyaların yüksək peşəkarlıq və elmi keyfiyyətə malik olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır.

Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməsi vacib qaydalar
Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır: - Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı; - Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli; - Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli; - Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı; - Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli; - Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı; - İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli; - Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı; - Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli; - Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli; - Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı; - Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.

”1003 – Çağrı Mərkəzi” ilə “Alo174” qida xətti arasında təcrübə mübadiləsi baş tutub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi” ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin “Alo174” qida xətti arasında təcrübə mübadiləsi baş tutub. Bu əməkdaşlıq çərçivəsində tərəflər vətəndaş müraciətlərinin qəbul edilməsi, onların operativ cavablandırılması və nəticələrlə bağlı məlumatların çatdırılması sahəsindəki təcrübələrini bölüşüblər. “1003 – Çağrı Mərkəzi”nin əməkdaşı “Alo174” qida xəttində vətəndaş müraciətlərinin dinlənilməsi, cavablandırılması və aidiyyatı orqanlara çatdırılması mərhələlərini izləyib. Mübadilə çərçivəsində qurum əməkdaşlarına “1003-Çağrı Mərkəzi”nin fəaliyyəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, “Çağrı Mərkəzi” vətəndaşların qida təhlükəsizliyi ilə bağlı müraciətlərini qəbul edən və operativ cavablandıran xidmətdir.