Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
29 May 2025 17:35

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında iyunun 5-i saat 14:00-da keçiriləcək.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

İdxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

E621 kodu bizə nə deyir?
Mononatrium qlütamat — yeməklərin dadını gücləndirmək üçün geniş istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd olunur. Bu maddə qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbul edildikdə, insanlarda allergik reaksiyalar, nevroloji təsirlər, həmçinin “Çin restoranı sindromu” adlanan simptomlar yarana bilər. Bunlara baş ağrısı, boyun və sinə nahiyəsində gərginlik, tərləmə, ürək döyüntüsünün artması və halsızlıq kimi əlamətlər daxildir. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul edildikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Qida etiketlərində mononatrium qlütamat müxtəlif adlarla qeyd oluna bilər. İstehlakçılar xüsusilə monosodium glutamate, E621, hidrolizə olunmuş bitki zülalı, ləzzət artırıcı və natrium qlütamat kimi ifadələrə diqqət yetirməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi E621 də daxil olmaqla qida əlavələrinin istifadəsini mövcud qanunvericiliyə uyğun şəkildə tənzimləyir və onların müəyyən olunmuş miqdarda təhlükəsiz şəkildə istifadəsinə nəzarət edir. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər. Daha ətraflı videoda: https://www.youtube.com/shorts/Er-BTakezus

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Salyan rayonunun Yolüstü kəndində yerləşən, Abuzərov Arif Safalı oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı obyektdə ümumi çəkisi 1359.8 kq və 297.15 litr olan son istifadə müddəti bitmiş 92 adda pestisid və aqrokimyəvi maddə aşkarlanıb. Eyni zamanda məhsulların saxlanma şəraitinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı inzibati protokol tərtib edilib, istifadə müddəti bitmiş məhsullar dövriyyədən çıxarılıb.
