Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
14 Aprel 2025 11:42

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 17-si saat 14:00-da keçiriləcək.
Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Gəncədə fəaliyyət göstərən sahibkarlıq subyektləri HACCP sistemi ilə bağlı məlumatlandırılıb
Gəncə şəhərində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemi ilə bağlı maarifləndirici görüş təşkil olunub. Görüş Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının iştirakı ilə baş tutub. Tədbir zamanı iştirakçılara HACCP sisteminin mahiyyəti, tətbiq prinsipləri və bu sistemin müəssisələrə qazandırdığı üstünlüklər haqqında ətraflı məlumat verilib. Görüş zamanı qeyd olunub ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemi tətbiq edən sahibkarlar bir-sıra üstünlüklər qazanır. Müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Bu da istehlakçı inamını artırmaqla yanaşı, satış imkanlarının artması və ixrac potensialının yaranması ilə nəticələnir. Xatırladaq ki, HACCP sisteminin tətbiqi “Qida Təhlükəsizliyi haqqında” Qanunla tənzimlənir. Müəssisələrdə bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul edilir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.