Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
12 Dekabr 2023 14:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
Cari ilin 20-24 noyabr tarixlərində keçirilmiş monitorinq zamanı epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrində və dənizsahili zonalarında ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 52 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.
Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şabran, Siyəzən, Lənkəran, Cəlilabad, Salyan, Neftçala və Ucar rayonlarındakı 11 sənaye əsaslı quşçuluq müəssisəsindən 110 baş, habelə Bakı şəhəri, Abşeron, Xızı, Şabran, Siyəzən, Lənkəran, Astara, Salyan, Masallı, Neftçala və Ağcabədi rayonlarına aid ümumilikdə 342 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 1026 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ailə təsərrüfatlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Qeyd edək ki, respublika ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, noyabr ayından başlayıb və növbəti ilin may ayına qədər ayda bir dəfə keçiriləcək.
Monitorinqin icrası Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş