Quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
1 Aprel 2024 15:21
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.
Tədbirin icrası cari ilin 11-15 mart tarixlərində Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Monitorinq epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrini və dənizsahili zonaları əhatə edib. Qeyd olunan ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ovlanmış 61 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.
Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şabran, Lənkəran, Xızı, Ucar, Neftçala, Siyəzən, Hacıqabul və Cəlilabad rayonlarındakı 12 sənaye əsaslı quşçuluq müəssisəsindən 120 baş, habelə Bakı şəhəri, Abşeron, Astara, Xızı, Lənkəran, Siyəzən, Şabran, Neftçala, Salyan və Ağcabədi rayonlarına aid ümumilikdə 180 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 540 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
Monitorinq zamanı vəhşi və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.
Oxşar xəbərlər
İmişli heyvan bazarının fəaliyyətinə icazə verilib
İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Muğan Aqro” MMC-yə məxsus heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
İmişli və Beyləqan heyvan bazarları açılışa hazırdır - Video
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Artıq İmişli və Beyləqan rayonlarında yerləşən heyvan bazarlarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Bundan başqa, qida təhlükəsizliyinin təmin olunması və sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə hər iki bazarın ərazisində fəaliyyət göstərən iaşə obyektləri kənarlaşdırılıb. İmişli və Beyləqan heyvan bazarlarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumatı videosujetdən əldə edə bilərsiniz:
Şamaxı və Göyçay heyvan satışı bazarları açıldı
Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb. Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi. Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş