Rusiya Federasiyasından idxal edilən toxumluq kartof məhsulunun istifadə üçün yararsız olduğu aşkarlanıb (VİDEO)
7 Oktyabr 2021 10:39


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri zamanı "ZE-DENT" MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 40 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində yük partiyasından götürülən məhsul nümunələrində karantin tətbiq edilən zərərverici (“Clavibacter michiganensis subsp. sepedonicus” - Kartof yumrularında halqavari çürümə) aşkar edilib. Agentlik tərəfindən toxumluq kartof məhsulu partiyası istifadəyə yararsız hesab olunduğu üçün məhsulun məhv edilməsi barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda süd emalı müəssisələrinə dair mövcud tələblər, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Astarada fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Əliyeva Cəmilə Əli qızına məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kq müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
