Sahibkarlıq subyektlərinə xəbərdarlıq edildi
4 Noyabr 2025 11:21
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edir.
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlıq subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməlidir.
Qanuna əsasən, göstərilən tələblər iri sahibkarlıq subyektlərində 2024-cü il 30 iyun, orta və kiçik sahibkarlıq subyektləri üçün 2026-cı il 30 iyun tarixindən qüvvəyə minir. Belə ki, artıq 2024-cü il 30 iyun tarixindən etibarən Agentlik tərəfindən iri sahibkarlıq subyektlərində aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır və tətbiq olunmayan müəssisələrdə qanunvericilik çərçivəsində zəruri tədbirlər görülür.
Orta və kiçik sahibkarlıq subyektlərinin diqqətinə çatdırırıq ki, müəssisələrdə HACCP sisteminin tətbiqi mütləqdir. AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılacaq və aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görüləcəkdir.
Qeyd edək ki, sistemin tətbiqi qida obyektlərində təhlükəsiz qida istehsalına və emalına zəmanət verir, həmçinin istehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəblərin aradan qaldırılmasını təmin edir.
Oxşar xəbərlər
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş