Sahibkarlıq subyektlərinin əməkdaşları qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırılıb
7 Dekabr 2023 16:06
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. Onlar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Qanununa uyğun olaraq, sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilir.
Oxşar xəbərlər
AQTA sədri çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər. Bu çərçivədə bu gün çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib. Qeyd edək ki, Q.Təhməzli bundan əvvəl süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, eyni zamanda alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı, həmçinin ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarları qəbul edib.
AQTA sədri Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinin və ölkəmizdən baytarlıq nəzarətində olan məhsulların BƏƏ-yə ixracının genişləndirilməsi məqsədilə sertifikatların razılaşdırılması proseduru ilə bağlı məsələlər nəzərdən keçirilib. Səfir Məhəmməd Əl Bluşi səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycandakı bundan sonrakı diplomatik fəaliyyəti dövründə də iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
AQTA-nın əməkdaşları təlimdə iştirak edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup rəhbər vəzifəli şəxs üçün onlayn təlim keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən təlim “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub. Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı və qaydaları, o cümlədən müvafiq prosedurlar və düsturlar barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində peşəkarlığın artırılması məqsədilə keçirilib.