Samuxda fəaliyyət göstərən istixanada bir sıra nöqsanlar aşkar edilib
30 Mart 2023 11:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.
Agentlik əməkdaşları tərəfindən Samux rayonu, Əhmədbəyli kəndində yerləşən Mirzəyev Səyavuş Suliddin oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 3 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı və idxalı ilə məşğul olan sahibkarları öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməyə və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.
Oxşar xəbərlər

Bitkiçilik məhsullarının ixracı və diqqət edilməli məqamlar - Videotəlimat
Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri məhsul partiyalarını ixraca hazırlayarkən beynəlxalq standartların tələblərinə ciddi əməl etməlidirlər. Xüsusilə qablaşdırma və etiketlənmə zamanı yolverilən səhvlər ixrac prosesinin ləngiməsi, hətta məhsulun geri qaytarılması ilə nəticələ bilər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Əkbər Əliyev sahibkarlara müraciət edərək, ixracla bağlı bir sıra mühüm məqamları diqqətə çatdırıb. O, bildirib ki, sahibkarlıq subyekləri öz məhsullarını ixraca hazırlayarkən yalnız beynəlxalq standartların deyil, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiketlənmə tələblərini nəzərə almalı və ixrac partiyalarını ona uyğun şəkildə hazırlamalıdırlar. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Onlayn formatda keçirilən görüşdə ixrac olunan bitki və bitkiçilik məhsullarının idxalçı ölkələrin tələblərinə uyğun etiketlənmə qaydaları barədə məlumat verilərək qeyd olunub ki, məhsulların ixracı zamanı onların etiketləri məhsulların taralarının üzərində dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmış olmalı və zəruri məlumatlarla təmin edilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növləri barədə məlumat görüş iştirakçılarının nəzərinə çatdırılıb. Görüş zamanı bitkiçilik məhsullarının daşınmasında istifadə edilən meşə materiallarından hazırlanmış altlıqların və qablaşdırma materiallarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə uyğun formada işlənməsi diqqətə çatdırılıb, Beynəlxalq Standartların tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsirləri barədə məlumat verilib. Görüşdə idxalçı ölkənin etiketlənməyə dair tələbləri, adıçəkilən Beynəlxalq Standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair Təlimatı sahibkarlıq subyektlərinə təqdim olunub. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq, onların məhsuldarlığını aşağı salan zərərvericidir. Onun ölçüsü 12-17 mm, rəngi qəhvəyidir. Üzərində ləkələr olur, bədəni azacıq yastı və armudvari formalıdır. Zərərvericinin yetkin fərdləri uçaraq 35 km-dən 100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində yaz və yay aylarında əkin sahələrində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı feromon tələlər asılır. Yaşayış binalarında və mənzillərdə müxtəlif əşyaların arxa hissəsinə, həmçinin mühəndis qurğuların arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar olunduqları təqdirdə, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilir. Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və axşam saatlarında yerinə yetirilməlidir. Xatırladaq ki, vətəndaşlar zərərvericiyə qarşı mübarizə tədbirləri haqqında məlumat almaq üçün Agentliyin “1003-Çağrı Mərkəzi”nə, eləcə də Regional Əlaqələndirmə Mərkəzində fəaliyyət göstərən “Qaynar xətt”ə (Qərb rayonları üzrə: +994 99 708 85 88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88 ) zəng edə bilərlər.