Samuxda istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi həyata keçiriləcək
11 Avqust 2025 16:46
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müvafiq işlərin görülməsi həvalə olunub.
Tədbirlər Planının icrası məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi və müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib.
Bu çərçivədə Agentlik tərəfindən cəlb edilmiş xüsusi lisenziyalı şirkət Samux rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən çirklənmiş torpaq qatının daşınması prosesini həyata keçirəcək. Belə ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunacaq.
Xatırladaq ki, ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınıb.
Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilən fəaliyyətlər ölkə üçün strateji əhəmiyyət daşımaqla yanaşı, ekosistemin qorunmasına, insan sağlamlığı, heyvanlar və bitkilər üçün potensial risklərin qarşısının alınmasına xidmət edir.
Qeyd edək ki, icra olunan bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş