Şərq meyvəyeyəninin Azərbaycan ərazisi üçün daşıdığı risk təhlili aparılıb
13 Yanvar 2021 15:43
Ölkəmizdə karantin tətbiq edilən zərərli orqanizmlər üzrə risklərin idarəedilməsi məqsədilə karantin tətbiq edilən zərərli orqanizmlərin elmi risk təhlili davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsi tərəfindən daxili karantin obyekti olan Şərq meyvəyeyəni (Grapholita molesta, Busck, 1916) xəstəliyinin elmi risk qiymətləndirilməsi aparılıb.
Sənəddə Şərq meyvəyeyəni zərərvericisinin bərk və yumşaq çəyirdəkli meyvə bitkiləri becərilən 47 ölkədə meyvə ağaclarının təhlükəli zərərvericisi olduğu, Azərbaycanda ilk dəfə 1965-ci ildə Xaçmaz rayonunda şaftalı ağaclarında aşkar edildiyi qeyd olunur.
Aparılan hesablamalara görə şərq meyvəyeyəninin tırtılları heyva və ərik ağaclarına 45-50%, tezyetişən şaftalı sortlarına 28-36%, gecyetişən şaftalı sortlarına 50-60% və bəzi hallarda isə heyva ağaclarına 80-90% zərər verir.
Risk qiymətləndirilməsi sənədində şərq meyvəyeyəninin vurduğu ziyanın tinglərdə və cavan ağaclarda daha çox nəzərə çarpdığı, zərərvericinin şaftalı, xüsusən də gecyetişən şaftalı sortları, nektarin ağaclarını daha çox zədələdiyi, zədələnmiş zoğların uc hissəsinin quruduğu öz əksini tapıb. Qeyd olunur ki, belə zədəli zoğlar çox olduqda ağaclar həddindən artıq kollanır, sürfənin meyvəni tərk etdiyi dəliyin və onun ətrafı qətranla örtülür. Zədələnmiş meyvələrdə tamlığı pozulmuş toxumalarda ikincili infeksiyaların (xüsusən də göbələk mənşəli) səbəb olduğu xəstəliklərin inkişafı üçün əlverişli şərait yaranır. Zərərvericinin sürfəsinin meyvəni bu şəkildə zədələməsi onun əmtəəlik keyfiyyətinin aşağı düşməsinə və məhsul itkisinə səbəb olur.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş