Sumqayıtda Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması üçün tədbirlər görülür
21 Avqust 2025 14:32
Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin 22-ci və 36-cı məhəllələrində zərərverici ilə sirayətlənmiş tut ağacları, eləcə də digər yaşıllıq sahələri dərmanlanıb.
Aparılan fitosanitar tədbirlərin əsas məqsədi zərərvericinin sayını azaltmaqdır. Ən təhlükəsiz mübarizə üsulları park, yol kənarı və həyətyanı sahələrdə torlar olan budaqların kəsilməsi və yandırılması, tırtılların isə mexaniki yolla məhv edilməsidir. Zərərvericidən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyətyanı sahələrdə isə ağacların çətirləri altında torpağın şumlanması işləri yerinə yetirilməlidir.
Agentlik bildirir ki, Amerika ağ kəpənəyi (Hyphantria cunea) respublika ərazisində məhdud dairədə yayılan karantin tətbiq edilən zərərvericidir. İqlimə uyğun olaraq il ərzində bir neçə nəsil verə bilir. Azərbaycanda Quba-Xaçmaz, Lənkəran-Astara və Bakı-Abşeron bölgəsinin bəzi rayonlarında rast gəlinir. 2024-2025-ci ildə Agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Zaqatala və Balakən rayonlarının bəzi ərazilərində də aşkarlanıb.
Zərərvericinin sürfələri yarpaq ayasının əsas toxuması ilə qidalanaraq bitkinin yaşıl kütləsinə ziyan vurur. Zərərvericinin meyvə bitkilərinə vurduğu ziyan isə məhsul itkisi ilə nəticələnir. Üçüncü yaş mərhələsində olan sürfələr bir neçə yarpağı bir-birinə bağlayaraq tor yuvalar qurub, sürü halında yayılır və budaqdan budağa keçir. Beşinci yaş mərhələsindən etibarən sərbəst həyat tərzinə qayıdırlar. Azərbaycanda əsasən tut ağacına ziyan vurur.
Vətəndaşlardan sözügedən zərərvericiyə rast gəlindiyi halda mexaniki yolla məhv etməyə çalışmaq, bu mümkün olmadıqda isə aidiyyəti qurumlara məlumat vermək xahiş olunur. Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınmasında hər kəsin iştirakı vacibdir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.
AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları karantin tətbiq edilən təhlükəli zərərverici − Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinq və fitosanitar nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Lənkəran rayonunun Lənkəran və Liman şəhərləri, Haftoni qəsəbəsi, Göyşaban, Ürgə, Boladi, Separadi, Daşdalıqcar, Siyəvar, Tütəpeştə, Aşağı Nüvədi, Sütəmurdov, Velədi və Kərgəlan kəndlərində zərərvericinin növbəti nəslinin yetkin fərdlərinin aşkar edilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılıb. Zərərvericinin yayılma arealına uyğun olaraq ərazilərdə feromon tələlər asılıb. Bununla yanaşı, Bakı şəhərinin Nizami rayonunda yaşayış binalarının həyətlərində və yol kənarlarında yerləşən ağaclarda Amerika ağ kəpənəyinin yayılması ilə bağlı müvafiq monitorinq tədbirləri həyata keçirilib. Zərərvericinin populyasiya sıxlığının izlənilməsi və erkən aşkarlanması məqsədilə ərazinin müxtəlif nöqtələrində feromon tələlər quraşdırılıb. Monitorinq tədbirləri zamanı sakinlərlə maariflənidirici görüşlər də keçirilib. Sakinlərə zərərverici ilə bağlı məlumat təqdim olunub, bukletlər paylanıb və müvafiq tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığı ilə bağlı payız dövründə görüləcək tədbirlərin və əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Göygöl rayonunda İşçi qrupun iclası keçirilib. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Gəncə və Naftalan şəhəri, Göygöl, Samux, Daşkəsən rayon icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak ediblər. İclasda zərərvericinin ölkədə və regionda yayılma vəziyyəti və mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, mübarizə tədbirləri mövsümi xüsusiyyətlər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə əsas fəaliyyət istiqamətlərindən biri əhali arasında zərərvericiyə qarşı mexaniki mübarizə üsullarının təbliği və bu üsulların tətbiqi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu məqsədlə nümayəndəliklər və kənd ərazi dairələri tərəfindən əhali arasında maarifləndirici işlərin aparılması, zərərvericinin aşkarlandığı ərazilər barədə məlumatların aidiyyəti qurumlara operativ şəkildə təqdim edilməsi vacibdir. Tədbirdə həmçinin ölkəyə daxil olan yük avtomobillərinə, o cümlədən digər nəqliyyat vasitələrinə sərhəd keçid məntəqələrində nəzarətin həyata keçirilməsi, eləcə də ölkə daxilində daşınan yüklərə fitosanitar nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Payız mövsümünün yaxınlaşması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin aidiyyəti qurumlarla birgə müəyyənləşdirilməsinin və aşkar edilmiş qışlama ocaqlarında müvafiq tədbirlərin görülməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb. İclasda digər zərərvericilərə dair mövcud vəziyyət və aparılan fitosanitar tədbirlər barədə də məlumat verilib. Aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq nəticələrinin operativ paylaşılması və aşkar edilmiş hallara çevik reaksiya verilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş