Toxum satış müəssisələrində həyata keçirilən monitorinqlər zamanı virus və bakteriya mənşəli bitki xəstəlikləri aşkarlanıb
15 Sentyabr 2022 17:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentlik müfəttişləri tərəfindən respublika ərazisində toxum satışı ilə məşğul olan 100 müəssisədə keçirilən monitorinqlər zamanı bibər və pomidor toxumlarından 73 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında virusoloji analizə cəlb edilib.
Sınaqların nəticələrinə əsasən 17 müəssisədən götürülmüş toxum nümunələrində virus və bakteriya mənşəli bitki xəstəlikləri (pomidor meyvələrinin qonur qırışıqlıq virusu, pomidorun bürünclük virusu, kartof yumrularında halqavari bakterial çürüməsi, pomidor yarpaqlarının sarı qıvrılma virusu) aşkar edilib. Onlardan 5 pomidor nümunəsi və 3 bibər nümunəsi xarici şirkətlərin istehsalı olan məhsullardan götürülmüş nümunələr olub. Araşdırma zamanı məlum olub ki, qeyd edilən toxumlar ölkə ərazisinə AQTA-nın icazə sənədləri əsasında rəsmi qaydada daxil olmayıb. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və həmin məhsulların məhv olunması istiqamətində zəruri işlər həyata keçirilir. Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və bitkiçilik məhsullarının əmtəəlik keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
AQTA bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etmələrini tövsiyə edir. Həmçinin bu cür halların qarşısının alınması üçün əl yüklərində toxumların gətirilməməsinə diqqət yetirilməsini, eləcə də, ölkə ərazisinə rəsmi qaydada idxal olunmuş, laborator analizlərdən keçmiş toxumların istifadəsini tələb edir.
Oxşar xəbərlər
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş