Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
17 Dekabr 2024 16:37
Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "II Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib. Forum Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) dəstəyi ilə baş tutub.
Forumda AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev açılış nitqi ilə çıxış edib. Ə. Nəbiyev Ümummili Liderin reallaşdırdığı kənd təsərrüfatı inkişaf konsepsiyasının ölkəmizdə qida məhsullarının keyfiyyətinin təmin edilməsinə və qida sənayesinin inkişafının sürətlənməsinə əlverişli zəmin yaratdığını bildirib.
Qeyd edilib ki, Ulu Öndərin hakimiyyəti illərində qida məhsulları, bitki və heyvan sağlamlığı sahələrində qəbul olunan normativ sənədlər müvafiq sahələrin təməlini qoyub. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, o cümlədən qida təhlükəsizliyi sahəsindəki təşəbbüslərin əhalinin sağlam və keyfiyyətli qida ilə təmin olunmasına mühüm töhfələr verdiyi qeyd edilib. Məlumat verilib ki, qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğun qurulması və qida sənayesində tətbiq olunan yeni yanaşmalar son illərdə bu sahədə böyük irəliləyişlərə səbəb olub. Ə. Nəbiyev çıxışında qida obyektlərində HACCP, eləcə də qida məhsullarının izlənmə sisteminin tətbiqinin müəssisələrdə qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını da qeyd edib.
Forumda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev də açılış nitqi ilə çıxış ediblər.
Daha sonra qida sənayesi və qida təhlükəsizliyinə dair müxtəlif məsələlərin müzakirə edildiyi iki panel baş tutub. "Qida təhlükəsizliyi" panelində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin rəis müavini Firdovsi Ələkbərov "Saxta Qida məhsulları və ictimai nəzarət" mövzusunda çıxış edib. Növbəti "Qida sənayesi" panelində isə AQTİ-nin Xidmətlərin təşkili departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Maşallah Tağıyev moderator olaraq iştirak edib.
Qeyd edək ki, forumda qida sənaye sahəsini təmsil edən yerli və xarici ekspertlər, dövlət və özəl sektor nümayəndələri, müvafiq sahədə təhsil alan tələbələr, gənc müəllim və alimlər iştirak edib. Panel müzakirələri zamanı qida təhlükəsizliyi və bitki mühafizəsi, heyvandarlıq məhsullarının keyfiyyəti və təhlükəsizliyi, qida təhlükəsizliyinin qlobal və regional çağırışları, qida sənayesində müasir texnologiyalar və innovasiyalar, iqlim dəyişikliyi və qida sənayesi kimi mövzularda çıxışlar olub.