Xaçmazda sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib
27 Oktyabr 2023 14:34

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim Xaçmaz rayonunda yerləşən “Qafqaz Konserv Zavodu” MMC-nin Xaçmaz Konserv Fabrikində təşkil olunub. Fabrikin əməkdaşları üçün keçirilən təlim “Qida sahələrində gigiyena tələbləri” mövzusunu əhatə edib.
Təlim zamanı qida subyektlərinin nümayəndələri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil olunan təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilib. Təlim qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Braziliya Federativ Respublikasının Riu-Qrandi-du-Sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Riu-Qrandi-du-Sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması işləri davam etdirilir
AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb. Azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinə yönəldilməklə ilkin mərhələdə “peyvəndləmə ilə azad” status alınması istiqamətində epizootoloji, diaqnostik, logistik və s. tədbirlər həyata keçiriləcək və bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır. Beynəlxalq ticarət qaydalarına görə, heyvanların və heyvan mənşəli məhsulların ixracı ancaq heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən, bu mümkün olmadığı halda isə həmin ölkələrin beynəlxalq tələblərə uyğun standartlar əsasında sağlamlıq statusu tanınmış regionlarından həyata keçirilir. Qeyd olunan heyvan xəstəliklərindən azad status alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə Respublikasının Hakkari vilayətində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”inə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.