Yüksək risk qrupuna aid məhsulların istehsalı və emalı aparılan yerli qida obyektlərinin təsdiqi tələb olunur
13 Dekabr 2024 16:45

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinə nəzarət sisteminin daha təkmil qaydada təşkil edilməsi, eyni zamanda yüksək risk qrupuna aid olan heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı və emalı aparılan müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə qida obyektlərinin təsdiqi prosesi davam etdirilir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təsdiqi tələb olunan qida obyektləri cavabdeh qida subyektinin ərizəsinin qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində Agentlik tərəfindən müəssisədə aparılacaq yerində qiymətləndirmə və götürülmüş məhsul nümunələrinin nəticələrinə əsasən təsdiq edilir və ya təsdiqindən imtina olunur. Qiymətləndirmə zamanı aşkarlanmış uyğunsuzluqlar infrastruktur və avadanlıqla əlaqəli olmadığı, həmçinin təhlükəli qida və yem məhsullarının istehsalına və emalına şərait yaratmadığı halda isə qida obyekti uyğunsuzluqların 90 təqvim günündən gec olmayaraq aradan qaldırılması şərtilə təsdiq edilir.
Sahibkarların diqqətinə çatdırılır ki, qanunvericiliyə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli məhsulların, o cümlədən alkoqollu içkilərin istehsalı, emalı və dövriyyəsi aparılan müəssisələrin qiymətləndirilməsi üçün Agentliyə müraciət edilməlidir.
Sahibkarlar qida obyektinin təsdiqi üçün AQTA-nın https://e-afsa.gov.az/ saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən, kağız daşıyıcıda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərində) və ya Agentliyə yaxınlaşmaqla müraciət edə bilərlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida obyektinin təsdiq olunması ilə bağlı Reyestdən çıxarış üçün iri və orta sahibkarlıq subyektlərinə münasibətdə dövlət rüsumunun ödənişi nəzərdə tutulub. Qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) isə dövlət rüsumundan azaddır.
Məlumat üçün bildiririk ki, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesi tam elektronlaşdırılıb. Sahibkarlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqi tələb olunan qida zənciri obyektlərinin siyahısı, eləcə də digər məsələlər barədə məlumat əldə etmək üçün Agentliyin “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiq edilib
Qida Təhlükəsiziyi Agentliyinin Kollegiyası “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu qaydalar respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sözügedən tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur. Sənəddə eyni zamanda təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb. Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minəcək. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari

AQTA və Latviya nümayəndələri arasında görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin və Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatları zamanı tənzimləmələr və nəzarət tədbirlərinə dair müzakirələr aparılıb. Görüş zamanı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aşkarlanan uyğunsuzluqlar zamanı tətbiq edilən inzibati tədbirlər nəzərdən keçirilib. Eyni zamanda müvafiq laboratoriyalar və sərhəd nəzarəti orqanları ilə əlaqələndirmə, daxili və beynəlxalq məlumat mübadiləsi mexanizmləri müzakirə mövzusu olub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.