Zaqatalada qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edilib
26 Yanvar 2026 13:51
Zaqatalada dövlət qurumlarının iştirakı ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınmasına həsr olunmuş tədbirlər müzakirə olunub.
Zaqatala rayonunun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Balakən, Zaqatala və Qax rayon icra hakimiyyətlərinin rəhbərləri, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları və bitki mühafizəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə bitki zərərvericilərinə, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı sistemli mübarizə tədbirləri barədə məlumat verilib. Bu istiqamətdə görülən işlərdən danışılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qəhvəyi mərmər bağacığının kənd təsərrüfatı bitkiləri və ekosistem üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Bildirib ki, zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi, mübarizə tədbirlərinin təşkili və maarifləndirmə işləri üzrə aidiyyəti qurumların iştirakı ilə mütəmadi monitorinqlər aparılır. 2025-ci ildə bu monitorinqlər 32 rayonu əhatə edib və ən yüksək sirayətlənmə Balakən, Zaqatala və Qax rayonlarında müşahidə olunub. Mübarizə tədbirlərinin effektivliyinin artırılması üçün yerlərdə ixtisaslaşmış mübarizə dəstələrinin formalaşdırılması, özəl sektorun prosesə cəlb edilməsi, bioloji mübarizə üsullarının tətbiqi, əkin sahələri və kənd ətrafı meşəliklərin vegetasiya dövründə dərmanlanması vacibdir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qəhvəyi mərmər bağacığının ekoloji baxımdan təhlükəli zərərverici olduğunu qeyd edərək, nazirliyin yerli qurumlarının meşəlik və meşəətrafı ərazilərdə digər qurumlarla birgə mütəmadi tədbirlər həyata keçirdiyini bildirib. O, miqrasiya dövründə sərhəd bölgələrində zərərvericinin operativ izlənməsi məqsədilə Dövlət Sərhəd Xidməti əməkdaşlarının qərargah toplantılarına cəlb edilməsinin vacibliyini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Regional Əlaqələndirmə Mərkəzlərinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə çərçivəsində gördüyü işlər barədə məlumat verib, keçirilən görüşlər və həyata keçirilən tədbirlər haqqında hesabat təqdim edib.
Sonda qərargahların fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. 2026-cı ildə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş