Pomidor istehsalçıları ilə görüş keçirilib
19 Mart 2024 10:31
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə ölkədə pomidor istehsalı ilə məşğul olan sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Tədbirdə Agentliyin Aparat rəhbəri Elxan Mikayılov respublikada təhlükəsiz və beynəlxalq standartlara uyğun tərəvəz məhsullarının, o cümlədən pomidor istehsalının qida təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, son illər Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə həyata keçirilən islahatlar, həmçinin kənd təsərrüfatı və qida sənayesi sektorlarında müasir standartların tətbiq edilməsi bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradır və ixrac potensialının artırılmasına gətirib çıxarır. Keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı isə ilk növbədə aqrotexniki qaydalara düzgün riayət olunması ilə bağlıdır.
Görüşdə daha sonra sahibkarlar “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair Təlimat”ın tələbləri, təsərrüfatlarda aşkarlanan zərərli orqanizmlərlə mübarizə, qeydiyyat jurnallarının tətbiqi, pestisidlərdən və aqrokimyəvi maddələrdən istifadə qaydaları barədə ətraflı məlumatlandırılıb. Müvafiq qaydalara əməl edilməsinin vacibliyi önə çəkilib. Eləcə də vurğulanıb ki, sahibkarlar torpaqda pestisid qalıqlarının, ağır metalların, mikro və makroelementlərin təyini, su və aqrokimyəvi maddələrdə kimyəvi-toksikoloji müayinələrin həyata keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasına müraciət edə bilərlər.
Tədbirin sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
AQTA fitosanitar monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirir.
AQTA biotəhlükəsizliyi təmin etmək məqsədilə bitkiçilik təsərrüfatlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində biotəhlükəsizliyi təmin etmək üçün mütəmadi olaraq bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlər aparır.