Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev İnstitut ilə “Qarabağ” futbol klubu arasında yalnız rəsmi deyil, həm də peşəkar səviyyədə sıx əməkdaşlıq mövcud olduğunu bildirib. O, qeyd edib ki, İnstitutun Elmi Araşdırmalar Mərkəzinin rəhbər vəzifəli şəxslərindən biri eyni zamanda klubda həkim-diyetoloq və qidalanma mütəxəssisi kimi fəaliyyət göstərir. Bu isə beynəlxalq turnirlərdə ölkəni təmsil edən futbolçuların qidalanmasının birbaşa İnstitutun elmi-texniki potensialı əsasında təşkil olunmasına imkan yaradır. R. Nəbiyev vurğulayıb ki, mütəxəssis vasitəsilə komandanın menyusu, qida rasionu və qidalanma rejimi idarə olunur, proqramlar ən son elmi yeniliklər və fərdi yanaşma prinsipi əsasında hazırlanır. İnstitutun güclü mütəxəssis heyəti, laborator imkanları və elmi-texniki bazası bu istiqamətdə effektiv fəaliyyət göstərməyə şərait yaradır.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və komandanın üzvləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Məmmədrəhim Nəcəfov qonaqlara ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sağlam qidalanmanın təşviq edilməsi Agentliyin əsas prioritet istiqamətlərdən biridir. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliği istiqamətində genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir. Həmin kampaniyalarda “Qarabağ” futbol klubunun üzvləri də fəal iştirak edərək təşəbbüslərə dəstək göstərirlər. Qurban Qurbanov isə vurğulayıb ki, idmanda uğurun əsas şərtlərindən biri də xüsusilə futbolçular üçün sağlam və balanslı qidalanmadır. Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu məsələyə daim xüsusi diqqət və məsuliyyətlə yanaşır. Futbolçuların qidalanmasına nəzarət edən həkim-diyetoloq AQTİ-nin mütəxəssisidir. Bu peşəkar dəstək idmançıların sağlamlığının qorunmasına, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və meydanda daha yüksək nəticələr əldə etməsinə mühüm töhfə verir. Görüş çərçivəsində gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr ətraflı müzakirə olunub, qarşıdakı oyunlara hazırlıq prosesi və futbolçuların qidalanma məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. “Qarabağ” futbol klubuna növbəti oyunlarda uğurlar və qələbələr arzulanıb. Sonda Qurban Qurbanov və komanda üzvləri İnstitutun Analitik Ekspertiza Mərkəzinin laboratoriyaları ilə tanış olub, burada aparılan müayinə və tədqiqat prosesləri barədə məlumat əldə ediblər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən, fərdi sahibkar Abdulkərimov Fərahim Yavər oğluna məxsus “Şəki” kafesində yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib, nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-Epidemioloji Rifah və İctimai Sağlamlıq Komitəsinin laboratoriyasının fəaliyyəti ilə tanış olub. Daha sonra AQTA mütəxəssisləri Heyvan Xəstəliklərinin Diaqnostikası və Qida Təhlükəsizliyi üzrə Respublika Dövlət Mərkəzi, həmçinin Bitki Karantini və Mühafizəsi Agentliyinin Respublika Aqrokimyəvi Analiz Mərkəzinin laborator imkanları, maddi-texniki bazası, işçi heyəti və digər məsələlərlə bağlı tanış olublar. Görüşlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsi bölüşülüb, fikir mübadiləsi aparılıb. Qeyd edək ki, AQTA-nın nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.
Neftçala şəhəri, Xol Qarabucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Tağıyev Sakit Həmid oğluna məxsus “Sahib” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, şadlıq evində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Nöqsanlarla əlaqədar şadlıq evinin qida blokunda işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub, sahibi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən “Nənəmin Təndiri” çörək emalı müəssisəsində yoxlama keçirilib. İstehsal müəssisəsində sanitariya norma və qaydalarına riayət edilmir, texniki normativ hüquqi aktların tələbləri pozulub. Baxış zamanı müşayətedici sənədləri olmayan toyuq əti və yararlılıq müddəti qeyd edilməyən toyuq farşı aşkarlanıb. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarı barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən "HALAL" uyğunluq sertifikatlaşdırması uğurla davam etdirilir. İnstitut tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, qiymət təklifi və müqavilə göndərilir. “HALAL” sertifikatlaşdırma xidmətlərinin mərhələləri və onların dəyəri İnstitutun rəsmi internet səhifəsində yerləşdirilib və ictimaiyyətə açıq məlumatdır. “HALAL” sertifikatlaşmanının növbəti mərhələsində qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt “HALAL” standartının tələblərinə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Qeyd edək ki, artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. Müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistan Respublikasına səfəri davam edir. Səfərin növbəti günündə Agentliyin mütəxəssisləri tərəfindən “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) barədə Özbəkistan tərəfinə geniş təqdimat edilib. Təqdimat zamanı AQTİS-in modulları, login sistemi, qeydiyyat və təsdiq, heyvanların identifikasiyası, həmçinin idxal-ixrac əməliyyatları barədə ətraflı məlumat verilib. AQTİS qida təhlükəsizliyi sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsi, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, həyata keçirilən tədbirlərin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə yaradılan elektron sistemdir. Xatırladaq ki, Özbəkistanda qida təhlükəsizliyi sahəsində Azərbaycan təcrübəsinin tətbiqi nəzərdə tutulur.
Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə məktəblilərə Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyi anlayışı ilə bağlı zəruri məlumatlar verilib. Sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası diqqətə çatdırılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Tədbirin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır.
Məlum olduğu kimi, qida təhlükəsizliyinin təmin olunmasında qida ilə birbaşa təmasda olan əməkdaşların şəxsi gigiyenası mühüm rol oynayır. Bildiririk ki, qida mənşəli zəhərlənmələrin əsas səbəblərindən biri məhz işçilərin gigiyenik qaydalara düzgün riayət etməməsidir. Bu səbəbdən “Qida təhlükəsizliyi haqqında" Qanunun 22.1-ci maddəsinə əsasən, qida subyektlərinin qida məhsulları ilə birbaşa təmasda olan əməkdaşları mütləq şəkildə gigiyenik təlimlərə cəlb edilməlidirlər. Təlimlərin məqsədi qida ilə təmasda olan şəxslər tərəfindən fəaliyyətləri zamanı tətbiq etməli olduqları sanitariya-gigiyena qaydalarının tələblərini mənimsəməkdir. Qeyd edək ki, sahibkarlar işçilərin təlimini müvafiq ixtisasa malik mütəxəssislər vasitəsilə özləri təşkil edə və ya bu məqsədlə ixtisaslaşmış təlim mərkəzlərinə müraciət edə bilərlər.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş