Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi keçirilib - Video
2 İyul 2026 11:16
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə şəhərində dabaq və digər transsərhəd heyvan xəstəliklərinə dair simulyasiya təlimi keçirilib.
Təlimin məqsədi heyvan xəstəliklərinin erkən aşkarlanması, operativ reaksiya tədbirlərinin təşkili, səyyar laborator diaqnostikanın tətbiqi və mütəxəssislərin praktiki bacarıqlarının artırılmasıdır.
Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən heyvandarlıq təsərrüfatında keçirilən praktik məşq zamanı xəstəliyə şübhəli halların araşdırılması, epizootoloji qiymətləndirmə, laborator müayinələr, xəstə heyvanların təcridi, zərərsizləşdirilməsi və dezinfeksiya tədbirləri praktiki şəkildə icra edilib.
Təlimdə FAO ekspertləri, Respublika üzrə Epizootiya Əleyhinə Fövqəladə Komissiyada təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan gələn mütəxəssislər iştirak ediblər.
Bu cür simulyasiya təlimləri ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə hazırlığın gücləndirilməsi, beynəlxalq tələblərə uyğun nəzarət sisteminin təkmilləşdirilməsi və gələcəkdə Azərbaycanın dabaq xəstəliyindən azad zona statusu əldə etməsinə töhfə verir.
Oxşar xəbərlər
Transsərhəd heyvan xəstəliklərinə qarşı regional əməkdaşlıq gücləndirilir
Azərbaycanın sədrliyi ilə Gəncə şəhərində dabaq və xırdabuynuzlu heyvanların taunu üzrə Qərbi Avrasiya Regional Məsləhət Qrupunun (RMQ) növbəti iclası keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstanın müvafiq qurumlarının, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər. Eyni zamanda, Türkiyə, Rusiya, İran və digər ölkələrdən olan ekspertlər iclasa onlayn formatda qoşulublar. AQTA sədrinin müavini Balarəhim Quliyev çıxışında ölkəmizdə heyvan sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripindən azad ölkə statusu əldə edib. Eyni zamanda, əvvəlki illərdə qazanılmış atların Afrika xəstəliyi və donuzların Afrika taunu xəstəliklərindən azad statusu da qorunub saxlanılır. Çıxış zamanı region üçün ciddi epizootoloji risk yaradan dabaq xəstəliyi ilə mübarizə sahəsində görülən işlərə toxunulub. Bildirilib ki, Azərbaycanın Dabaq Xəstəliyi üzrə Ölkə Nəzarət Proqramı qəbul edilib və ölkə Mərhələli Nəzarət Proqramı (PCP-FMD) çərçivəsində 3-cü səviyyəyə yüksəlib. Balarəhim Quliyev Azərbaycanın 2027-ci ilədək Dabaq üzrə Regional Məsləhət Qrupuna sədrlik edəcəyini bildirərək, üzv ölkələr arasında əməkdaşlığın və təcrübə mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Dabaq Xəstəliklərinə Nəzarət üzrə Avropa Komissiyasına (EuFMD) üzvlüyü çərçivəsində transsərhəd heyvan xəstəliklərinə qarşı hazırlıq və nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb. İclasda regionda dabaq, xırdabuynuzlu heyvanların taunu və digər transsərhəd heyvan xəstəlikləri üzrə mövcud epizootoloji vəziyyət müzakirə olunub. Həmçinin bu xəstəliklərə qarşı profilaktika və nəzarət tədbirlərinin gücləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və epizootoloji sabitliyin qorunması istiqamətində prioritet fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
Nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Sabirabad şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Eyyubov Emil Eyyub oğluna məxsus ictimai iaşə obyektində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulduğu müəyyən edilib. Belə ki, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istehsalat sahələrinin quruluşu və təchizatına əməl edilmədiyi, qida ilə təmasda olan səthlərin yuyulabilən və korroziyaya davamlı materialdan hazırlanmadığı, işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, qida komponenti kimi istifadə olunan suyun filtrdən keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkəti "Meat Master" MMC-yə məxsus dondurulmuş mal əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı Agentliyə ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın səlahiyyətli qurumuna müvafiq məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş