Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
29 İyun 2026 18:03
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Yaz və yay aylarında zərərvericinin aktivliyinin artması nəzərə alınaraq, növbəti tədbirlərin və fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib.
İclasda Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Elmar Allahverdiyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, həmçinin aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə qəhvəyi mərmər bağacığına qarşı mübarizə istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Görüş zamanı qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin intensivləşdirilməsi, zərərvericinin mövcud olduğu və ya potensial təhlükə gözlənilən ərazilərdə maarifləndirmə işlərinin gücləndirilməsi, Gürcüstan Respublikasından ölkəmizə miqrasiya riskləri nəzərə alınmaqla sərhədyanı kəndlərdə davamlı monitorinqlərin təşkili və bufer zonalarının yaradılması, sərhəd zastavalarında müntəzəm müşahidələrin aparılması, həmçinin görülmüş işlərə dair hesabatlılığın təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub və ümumi razılıq əldə edilib.
İclasın sonunda qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən tədbirlərin daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Ev üsulu konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir - Video
Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı və düzgün saxlanma şəraitindən asılıdır. Bu tələblərə əməl edilmədikdə, xüsusilə ət, balıq, tərəvəz, göbələk və digər azturşulu məhsullarda botulizm də daxil olmaqla qida zəhərlənmələri riski yarana bilər. Konserv məhsulları alınarkən qablaşdırmanın bütövlüyünə və qapağın vəziyyətinə diqqət yetirilməlidir. Qapağı şişmiş, qablaşdırması zədələnmiş, sızma olan, həmçinin rəngində, qoxusunda və görünüşündə dəyişiklik müşahidə edilən məhsullar istehlak edilməməlidir. Məhsulun xarici görünüşünün normal olması isə onun təhlükəsizliyinə tam zəmanət vermir. Satışa təqdim olunan ev üsulu konserv məhsulları barədə hazırlanma tarixi, yararlılıq müddəti və saxlanma şəraiti kimi zəruri məlumatlar təqdim edilməlidir. Mənşəyi və saxlanma şəraiti məlum olmayan, qablaşdırılması şübhə doğuran məhsulların alınmasından çəkinmək tövsiyə olunur. Təhlükəsizliyi ilə bağlı şübhə yaranan konserv məhsullarını istehlak etməyin. Şübhəli hallarla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “1003 Çağrı Mərkəzi”nə müraciət edin. Link:
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq. Belə ki, Almaniyanın paytaxtı Berlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Kodeks Koordinasiya Komitəsinin 34-cü sessiyası keçirilib. Almaniyanın Koordinator ölkə kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu funksiyanın növbəti dövr üçün Azərbaycan tərəfindən həyata keçirməsi təklif olunub. Komitənin 52 üzvü Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləyib. Kodeks Alimentarius Komissiyasının növbəti sessiyasından etibarən Azərbaycan öz funksiyasının icrasına başlayacaq. Azərbaycanın Koordinator kimi əsas vəzifələrindən biri Avropa regionu ölkələri arasında Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, qida təhlükəsizliyi və qida məhsullarına dair beynəlxalq standartların tətbiqi ilə bağlı əməkdaşlığın əlaqələndirilməsinə töhfə verməklə komitənin rəhbərliyini həyata keçirmək olacaq. Qeyd edək ki, 21-25 sentyabr tarixlərində baş tutan sessiyada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Zəkiyyə Mustafayeva və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Ramazan Nəbiyev iştirak ediblər. Ətraflı:
AQTİ qida təhlükəsizliyi sahəsində növbəti təlimi təşkil edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər, o cümlədən fiziki, kimyəvi və bioloji təhlükələr barədə məlumat verilib. Eyni zamanda, müəssisələrdə həyata keçirilməli olan gigiyenik tədbirlər, qida məhsullarının saxlanılması və dövriyyəsi zamanı riayət edilməli gigiyena tələbləri iştirakçıların diqqətinə çatdırılıb. Təlimin sonunda isə interaktiv müzakirələr aparılıb və təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş