Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 18-i saat 10:00-da Saatlı Rayon Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbdə və Slavyan Universitetinin nəzdində məktəb-lisey kompkleksdə təşkil olunub. Tədbirdə iştirak edən hər iki məktəbin 500-dən artıq şagirdinə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” və “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Dolj kantonunda xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Polşa Respublikasının Opolsk, Slask inzibati ərazilərində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Cənubi Lanarkşir inzibati ərazi vahidində və Uelsin Pouis kantonunda, Almaniya Federativ Respublikasının Hessen vilayətində, Portuqaliya Respublikasının Porto, Lissabon dairələrində, Niderland Krallığının Şimali-Hollandiya əyalətində, Danimarka Krallığının Mərkəzi Danimarka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 15/51 ünvanında yerləşən, fiziki şəxs Arcumandi Selcan Saləddin qızına məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Bu təşəbbüs çərçivəsində hazırlanan növbəti videoçarxda Şuranın üzvü, “Avrora” MMC-nin təsisçisi Ceyhun Abbasov qida təhlükəsizliyinə sistemli və kompleks yanaşmanın vacibliyindən danışır. Onun sözlərinə görə, qida zəncirinin bütün mərhələlərində – istehsaldan emala, saxlanmadan daşınmaya qədər məsuliyyət və nəzarət əsas prioritetdir. Çünki istehsalçı ilə istehlakçı arasındakı yol risklərlə doludur və məhz bu risklərin idarə olunması qida təhlükəsizliyinin təməl prinsiplərindən birini təşkil edir. Bu cəhətdən market rəfinə qədər gəlib çatan hər bir məhsulun arxasında geniş və çoxşaxəli bir sistem dayanır. Həmin sistemin düzgün və davamlı şəkildə işləməsi isə gələcək nəsillərin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!
Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında yerləşən “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürülüb. Sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib. Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı Masallı rayonunun Bədəlan kəndində fəaliyyət göstərən Məmmədzadə Ənvar Vüqar oğluna məxsus marketdə və Mahmudavar kəndində fəaliyyət göstərən fiziki şəxs Əliyev Afər Ağamməd oğluna məxsus “Meyvəli” marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, marketlərdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları və alkoqolsuz içkilər aşkarlanaraq satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkarlar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ «ВНИИЗЖ») nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar. AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev nümayəndə heyətinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutda qida təhlükəsizliyi, kompleks tədqiqatlar, həmçinin bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Əli Nəbiyev həmçinin bildirib ki, ölkənin biotəhlükəsizlik statusunun daimi nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata keçirilir. Müayinələr peşəkar kadrlar tərəfindən beynəlxalq standartlara uyğun, etibarlı və yüksək dəqiqlikli diaqnostik dəstlərdən istifadə etməklə aparılır. Stasionar laboratoriyalarla yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar laboratoriyalar da epizootoloji monitorinqlər zamanı geniş şəkildə istifadə olunur. Nümayəndə heyətinə başçılıq edən “Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin Tver filialının direktoru Yuliya Jiqareva AQTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və iki ölkənin müvafiq qurumları arasında heyvan xəstəlikləri üzrə elmi-tədqiqat işləri, peyvənd istehsalı, idxal-ixrac əməliyyatları zamanı laborator müayinələrin operativ aparılması istiqamətində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Görüşdən sonra qonaqlar AQTİ-nin Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Qeyd olunub ki, əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olmasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Keçirilmiş nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirdiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov Elnur Fərman oğluna məxsus “Dostluq” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Belə ki, “Premium Organic”, “Organic Ultra”, “Caspian Beluga” əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş