Təhlükəli arıqlama məhsulları aşkarlanıb
16 Sentyabr 2026 17:08
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələr vasitəsilə onlayn satışı həyata keçirilən, arıqlama məqsədilə istifadə edildiyi iddia olunan müxtəlif növ çay, kofe, bioloji aktiv qida məhsulları, idman qidaları və digər məhsullarla bağlı monitorinqləri davam etdirir.
Monitorinq tədbirləri çərçivəsində “slimming.body.azerbaijan”, “korol_baku” adlı “Instagram”, həmçinin “fit_yasam_soutfit” adlı “TikTok” hesabları vasitəsilə satışı həyata keçirilən müxtəlif məhsullarla bağlı araşdırmalar aparılıb.
Laborator müayinələr nəticəsində hər üç məhsulun tərkibində istifadəsinə yol verilməyən təhlükəli maddə - sibutramin maddəsi aşkarlanıb.
Qeyd edək ki, sibutramin qida komponenti deyil, mərkəzi sinir sisteminə təsir göstərərək iştahanı azaldan sintetik dərman maddəsidir. Ciddi sağlamlıq riskləri nəzərə alınaraq, sibutraminin istifadəsi dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda qadağan edilib. Məlumat üçün bildirək ki, sibutraminin istifadəsi arterial təzyiqin yüksəlməsi, ürək ritminin pozulması, taxikardiya, infarkt, insult və digər ağır ürək-damar fəsadlarının yaranmasına səbəb ola bilər.
Araşdırma zamanı “Slimming Body Max Hunger Buster”, “Korol Poxudeniya” və “Sout Fit Extra” adlı məhsulların idxal sağlamlıq aktlarının olmadığı, qeydiyyata alınmadığı və ölkəyə qanunsuz yolla gətirildiyi müəyyən edilib.
Qeyd edək ki, sözügedən məhsulların satışını həyata keçirən hər üç sosial şəbəkə hesabı geniş izləyici auditoriyasına malikdir, eləcə də həmin məhsullar sosial media platformalarında tanınmış şəxslər tərəfindən reklam edilir.
AQTA bir daha bildirir ki, sosial şəbəkələrdə məhsulun geniş auditoriyaya təqdim olunması və ya tanınmış şəxslər tərəfindən reklam edilməsi onun təhlükəsizliyinə və qanunvericiliyin tələblərinə uyğunluğuna zəmanət vermir.
İstehlakçıların sağlamlığı üçün potensial təhlükə yaradan, qanunvericiliyin tələblərinə cavab verməyən və tərkibində istifadəsinə yol verilməyən maddələr aşkarlanan məhsulların satışının və reklamının təşviqi yolverilməzdir.
AQTA bu istiqamətdə sosial şəbəkələrdə monitorinqləri davam etdirir.
Link
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş